Bakı. Trend:
Empire State Building-in zirvəsinə qalxaraq orada nişanlanan cütlük avqustun 24-də, bazar ertəsi, Nyu-York məhkəməsində qısa müddətə hakim qarşısına çıxarılıb. Onlar bir neçə ittihamla üzləşirlər. Məhkəmə iclasından sonra 32 yaşlı İvan Kuznetsov və 33 yaşlı Ancelina Nikolau kameralar və fotoqrafların gözü qarşısında uzun müddət qucaqlaşıb öpüşüblər.
Dünyanın müxtəlif yerlərində bir sıra tikililərə qanunsuz şəkildə qalxmaqla tanınan cütlük iyulun 1-də hündürlüyü 443 metr olan məşhur Nyu-York göydələninin üzərində yerləşən antenanın zirvəsinə qalxıb. Onlar burada üzərində “Məhəbbətin gücü hakimiyyət sevgisinə qalib gələndə dünya sülhə qovuşacaq” sözləri yazılmış banner açıblar.
Dırmanma fəaliyyəti zamanı İvan Beerkus təxəllüsündən istifadə edən İvan Kuznetsov daha sonra diz çökərək sevgilisinə evlilik təklifi edib. Ardınca hər ikisi qucaqlaşıb və öpüşüblər.
Hər ikisi Rusiyada doğulub. Onlar öz təhlükəli fəaliyyətlərinin görüntülərini internetdə yayımlamaqla məşhurlaşıblar. Bu macəraları Netflix-də yayımlanan “Skywalkers: d'amour et de vertige” sənədli filmində də əks olunub. Başqalarının həyatını təhlükəyə atmaq, qanunsuz daxilolma və əmlaka zərər vurmaq da daxil olmaqla bir sıra ittihamlarla mühakimə olunan cütlük hərəkətlərini “sənət” çərçivəsində qiymətləndirib.
“Məhkəmədə nə baş verməsindən asılı olmayaraq, prosedura hörmət edəcək və seçimlərimizin nəticələrini qəbul edəcəyik”, — deyə hələ təqsirli və ya təqsirsiz olduqlarını etiraf etməyən iki alpinist yazıb.
Qara dəri gödəkçələr və cins şalvar geyinən İvan Kuznetsov və Ancelina Nikolau qısa məhkəmə iclası zamanı əl-ələ tutaraq iki vəkillərinin arxasında səssiz dayanıb. Növbəti məhkəmə iclası sentyabrın 29-na təyin edilib.
Empire State Building-də ictimaiyyət üçün açıq olan və Nyu-Yorka möhtəşəm mənzərə təqdim edən müşahidə meydançası var. Lakin binanın daha yuxarı hissələrinə giriş qadağandır. Keçmişdə bir neçə nəfər bu binaya dırmanmağa cəhd edib.
