Vaşinqton Suriyanı terrorizmə dəstək verməkdə ittiham olunan dövlətlər siyahısından çıxarıb

Dünya xəbərləri Materials 25 Avqust 2026 01:38 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ bazar ertəsi Suriyanı terrorizmə dəstək verməkdə ittiham olunan ölkələr siyahısından çıxardığını açıqlayıb. Suriya 47 il ərzində bu siyahıda yer alıb. Bu qərar ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə aradan qaldırılması prosesində növbəti addımdır. Tramp administrasiyası iyulun əvvəlində Suriyanın bu siyahıdan çıxarılmasının nəzərdə tutulduğunu bildirmişdi. Suriya 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən təxminən iki il sonra, bu siyahıda qalması səbəbindən ölkəyə investisiyaları məhdudlaşdıran əsas maneələrdən birindən azad olub.

“Suriyanın terrorizmə dəstək verən dövlət kimi təsnifatının ləğvi ölkənin qlobal iqtisadi sistemdə öz təbii yerini bərpa etməsinə imkan verən tarixi mərhələdir”, - deyə Suriya Mərkəzi Bankının rəhbəri Səfvat Rəs­lan X sosial şəbəkəsində bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi qurum “müasir və etibarlı maliyyə sistemi qurmaq” istiqamətində fəaliyyət göstərir.

ABŞ həmçinin Suriyanın hazırkı prezidenti Əhməd əş-Şara tərəfindən rəhbərlik edilmiş keçmiş islamçı qruplaşma, əvvəllər “Ən-Nüsra Cəbhəsi” kimi tanınan “Həyat Təhrir əş-Şam”ı (HTŞ) “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçular” (Specially Designated Global Terrorist) siyahısından çıxarıb. Bir müddət “Əl-Qaidə”nin Suriyadakı qolu olan “Ən-Nüsra Cəbhəsi” 2016-cı ildə təşkilatla əlaqələrini kəsdiyini açıqlayıb və sonradan HTŞ adını qəbul edib.

2024-cü ilin dekabrında hakimiyyətə gəldikdən sonra Əhməd əş-Şara Bəşər Əsədi devirən bütün silahlı qruplaşmaların, o cümlədən özünün rəhbərlik etdiyi HTŞ-nin buraxıldığını elan etmişdi. ABŞ Maliyyə Nazirliyi də bazar ertəsi yaydığı açıqlamaya əsasən, HTŞ-ni sanksiyalar tətbiq olunan fiziki və hüquqi şəxslər siyahısından (SDN List) çıxarıb.

“Xəzinədarlıq (Maliyyə Nazirliyi) Prezident Trampın Suriya xalqına böyük imkanlara yol açmaq vədi doğrultmaq istiqamətində hərəkət edir”, - deyə ABŞ maliyyə naziri Skott Bessent açıqlamada bildirib.

“Bu gün qəbul edilən qərarlar Suriyada ölkənin siyasi və iqtisadi sabitliyinin təşviq edilməsi məqsədilə əlavə investisiyaların həyata keçirilməsinə şərait yaradacaq”, - deyə o əlavə edib.

2025-ci ildən etibarən bir sıra Qərb ölkələri Suriyaya qarşı tətbiq edilmiş sanksiyaları mərhələli şəkildə ləğv edib. Bunların arasında Kanada və Böyük Britaniya da var. Avropa İttifaqı isə sanksiyaları hələ 2025-ci ilin mayında ləğv etmişdi.

Xəbər lenti

Xəbər lenti