"Visa" fırıldaqçılıqdan qorunma ilə müştəri rahatlığı arasında balans yaratmağa çağırır – Vitse-prezident

İqtisadiyyat Materials 24 Avqust 2026 13:21 (UTC +04:00)
"Visa" fırıldaqçılıqdan qorunma ilə müştəri rahatlığı arasında balans yaratmağa çağırır – Vitse-prezident
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd. Trend:

Maliyyə qurumları fırıldaqçılığa qarşı mübarizə tədbirlərini gücləndirməli, eyni zamanda müştərilər üçün rahat və fasiləsiz istifadə təcrübəsini təmin etməlidirlər.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Daşkənddə keçirilən "Silk Road Finance & Technology Forum" çərçivəsində çıxış edən "Visa" şirkətinin MDB və Cənub-Şərqi Avropa regionunda strateji tərəfdaşlıqlar, fintech, ekvayrinq və ticarətçilərlə iş üzrə vitse-prezidenti Yevgeni Lisnyak bildirib.

Lisnyakın sözlərinə görə, fırıldaqçılar texnoloji dəyişikliklərə və yeni müdafiə tədbirlərinə daim uyğunlaşırlar. Buna görə də fırıldaqçılıqla mübarizə davamlı məlumatlılıq və qabaqlayıcı yanaşma tələb edir.

“Fırıldaqçılardan qorunmaq üçün məlumatlı olmaq və onların nə etdiyini anlamaq lazımdır. Bu, ilk növbədə qabaqlayıcı yanaşmadır. İkinci məsələ isə, əlbəttə ki, proaktivlikdir”, – deyə o bildirib.

O qeyd edib ki, proaktiv müdafiə etibarlı çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və müştərilərin identifikasiyası (KYC) sistemlərini tələb edir.

Bununla yanaşı, Lisnyak vurğulayıb ki, maliyyə xidmətlərindən istifadə edən insanlar üçün həddindən artıq maneələr yaratmaq olmaz.

“Bir tərəfdən təhlükəsizliyi təmin etmək, digər tərəfdən isə müştəri təcrübəsinin rahatlığını və fasiləsizliyini qorumaq lazımdır”, – deyə o bildirib.

Lisnyak qeyd edib ki, "Visa" tərəfdaşları ilə birlikdə hər iki istiqamətdə işləyir və fırıldaqçılıq əməliyyatlarının aşkarlanması və qarşısının alınması üçün süni intellekt əsaslı texnologiyalardan istifadə edir.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə aşkarlanan fırıldaqçılıq cəhdləri barədə məlumatlar digər bazarlarda maliyyə təşkilatlarının müdafiəsinin gücləndirilməsi üçün istifadə edilə bilər.

“Biz bütün dünyada baş verən fırıldaqçılıq cəhdlərini toplayırıq və faktiki olaraq bu məlumatları Özbəkistana gətiririk”, – deyə Lisnyak bildirib.

Onun sözlərinə görə, qlobal ödəniş şəbəkələrinin miqyası müxtəlif bazarlar arasında yeni fırıldaqçılıq sxemləri barədə məlumat mübadiləsinə imkan verir və bununla da maliyyə təşkilatlarının təhlükəsizliyinin artırılmasına kömək edir.

Bununla yanaşı, o vurğulayıb ki, fırıldaqçılığın səbəbi hər zaman texnoloji təhlükəsizlik sistemlərindəki çatışmazlıqlar olmur. Burada sosial mühəndislik və istifadəçilərin davranışı da mühüm rol oynayır.

“Bir çox fırıldaqçılıq halları təhlükəsizlik səviyyəsinin aşağı olması səbəbindən deyil, sosial mühəndislik və sadəcə insanların davranışı səbəbindən baş verir”, – deyə Lisnyak bildirib.

Bu baxımdan o, maliyyə savadlılığının artırılmasının və tənzimləyici orqanlar, eləcə də mərkəzi banklarla əməkdaşlığın vacibliyini qeyd edib.

Lisnyak bildirib ki, "Visa" istifadəçilərin maliyyə savadlılığının artırılması proqramları çərçivəsində Özbəkistan Mərkəzi Bankı və digər tərəfdaşlarla əməkdaşlıq edir. Şirkət istifadəçilərin məlumatlandırılmasını fırıldaqçılığa qarşı əlavə müdafiə səviyyəsi kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti