Bakı. Trend:
Növbəti illərdə Azərbaycanda ilkin kütləvi təklif (IPO)
proseslərinin daha da sürətlənməsi gözlənilir.
Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan
Xəlilov Trend-ə
açıqlamasında deyib.
O, Azərbaycanda ilkin kütləvi təklif (IPO) üzrə mövqe və gözləntilərini bölüşüb.
Telekommunikasiya sektorunun IPO üçün potensial namizəd ola biləcəyini vurğulayan R.Xəlilov bildirib:
"Telekommunikasiya sektorunda maliyyə hesabatlılığı və korporativ idarəçilik göstəriciləri bank və maliyyə sektoru ilə paralel səviyyədədir. Bu səbəbdən potensial olaraq onların IPO hazırlığı ya artıq tamamlanmış, ya da çox qısa vaxt aparan bir proses ola bilər".
BFB rəhbəri hazırda bazarda müşahidə olunan fəallıqdan da söz açıb:
"Açıq deyim ki, hazırda konkret olaraq kimin IPO-ya çıxacağını öncədən bildirmək mümkün deyil. Ancaq bu istiqamətdə müəyyən fikir bildirənlər, danışıqlarda ciddi maraq göstərənlər, bizdən lazımi məlumatları alanlar və broker şirkətləri ilə işləyərək hazırlıq görənlər var. Faktiki olaraq hələ ki heç bir şirkət üzrə emissiya prospektinin sənədləşdirilməsi mərhələsinə başlanılmayıb. Buna baxmayaraq, mən ümumi mənzərəni pozitiv qiymətləndirirəm və ümid edirəm ki, gələcək illərdə ölkəmizdə IPO-ların daha da sürətlənməsinin şahidi olacağıq".
