Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,2 ABŞ dolları və ya 3,36% ucuzlaşaraq 91,93 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,12 dollar və ya 3,4% ucuzlaşaraq 88,50 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,52 dollar və ya 5,14% azalaraq 64,89 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,6 dollar və ya 3,89% azalaraq 89,00 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, neftin qiyməti çərşənbə günü bir barel üçün 80 dollara yaxınlaşıb. Bildirilib ki, bu, qiymətlərin ardıcıl üçüncü sessiyada ucuzlaşması deməkdir. Vurğulanıb ki, buna İran və Oman arasında Hörmüz boğazında “müvəqqəti birgə dəniz dəhlizinin” yaradılmasının müzakirə edildiyinə dair xəbərlər səbəb olub.
"Tərəflər arasında texniki danışıqlar davam edəcək. Onlar boğazın gələcək idarə olunmasını, məlumat mübadiləsi mexanizmlərini, gəmi hərəkətinin tənzimlənməsini, eləcə də dəniz və təhlükəsizlik xidmətlərinin göstərilməsini əhatə edən daimi dəniz dəhlizinin yaradılması üzərində işləyirlər.
Bu arada, Pakistanın ordu rəhbəri diplomatik səylərə dəstək vermək üçün Tehrana səfər edib. Qətər isə vasitəçilik fəaliyyətini davam etdirdiyini bildirib.
Neft qiymətləri bu həftə təzyiq altındadır. Buna ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi artırmaq üçün tətbiq etdiyi son tədbirlərin bazarların gözləntilərindən daha yumşaq olması səbəb olub. Vaşinqton İranla ticarət edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdən hələlik çəkinib", - məlumatda qeyd edilib.
