Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

İqtisadiyyat Materials 25 Avqust 2026 17:49 (UTC +04:00)
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib.

Agentliyin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.

Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74% faiz artıb.

Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.

Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında qeyd edib ki, ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye zonaları ölkənin sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyata alınıb. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat həcmində faktiki sərmayə yatırılıb.
"Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9 700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib. Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir", - deyə İZİA sədri vurğulayıb.
O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4 milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9 milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının davamlı şəkildə artdığını nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti