Özbəkistan suveren İslam istiqrazları buraxmağı planlaşdırır - Mərkəzi Bank sədri

Maliyyə Materials 26 Avqust 2026 10:33 (UTC +04:00)
Özbəkistan suveren İslam istiqrazları buraxmağı planlaşdırır - Mərkəzi Bank sədri
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan İslam maliyyəsinin daha da inkişaf etdirilməsi çərçivəsində suveren İslam istiqrazlarının (sukuk) buraxılışı proqramını işə salmağı planlaşdırır.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov Daşkənddə keçirilən "Silk Road Finance & Technology Forum"unda çıxışı zamanı bildirib.

"Biz suveren İslam istiqrazlarının buraxılışı proqramını işə salacağıq. Bu, gələcəkdə müəssisələrimizə biliklərin və 10 milyard ABŞ dolları məbləğində əlavə investisiyaların cəlb edilməsinə güclü təkan verəcək", — deyə İşmetov bildirib.

O, İslam maliyyəsinin inkişafının ölkənin maliyyə sisteminin diversifikasiyası və yeni investisiya mənbələrinin cəlb edilməsi istiqamətlərindən biri olduğunu vurğulayıb.

O qeyd edib ki, Özbəkistanda müasir İslam maliyyə sisteminin formalaşdırılması üç əsas istiqamətin — İslam mikromaliyyə xidmətləri, İslam bankçılığı və İslam kapital bazarının inkişafını nəzərdə tutur.

"Birinci mərhələ mikromaliyyə təşkilatları tərəfindən İslam maliyyə məhsullarının təqdim edilməsi üçün hüquqi bazanın yaradılması ilə bağlıdır. Hazırda 12 mikromaliyyə təşkilatı artıq murabaha, salam, mudaraba və muşaraka müqavilələri əsasında bu cür xidmətlər göstərir. "Bir mikromaliyyə təşkilatı mənfəətin bölüşdürülməsinə əsaslanan müqavilələr vasitəsilə sahibkarların maliyyələşdirilməsi və dəstəklənməsi üzrə tam ixtisaslaşıb", — deyə Mərkəzi Bank sədri qeyd edib.

İşmetovun sözlərinə görə, ikinci mərhələ bu il iyunun 29-da İslam bank fəaliyyətinin tətbiqi haqqında qanunun qəbulundan sonra başlayıb.

Yeni qanun İslam banklarının və ənənəvi banklarda "İslam pəncərələri"nin fəaliyyəti üçün hüquqi əsas yaradır və İslam bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziya nəzərdə tutur.

Bundan əlavə, yeni tənzimləmə çərçivəsində Mərkəzi Bank yanında İslam Maliyyəsi Şurasının və banklarda müvafiq şuraların yaradılmasını nəzərdə tutan İslam maliyyəsinin idarə edilməsi sistemi tətbiq edilir.

İşmetov qeyd edib ki, vacib məsələlərdən biri də İslam maliyyə əməliyyatları üçün neytral vergi rejiminin təmin edilməsidir. "Yeni qanunvericilik çərçivəsində xüsusi vergi rejimi tətbiq olunub. Əlavə dəyər vergisi və mənfəət vergisinə münasibətdə vergi neytrallığı, eləcə də dövlət rüsumlarına tətbiq edilən müvafiq azadolmalar nəzərdə tutulub", — deyə o bildirib.

İslam kapital bazarının daha da inkişafından danışan Mərkəzi Bank sədri məlumat verib ki, kapital bazarı haqqında yeni qanun layihəsində sukuk-a həsr olunmuş xüsusi fəsil nəzərdə tutulur.

O bildirib ki, sənəd suveren sukuk-ların buraxılışı üçün hüquqi əsas yaratmalı və onların İslam maliyyə standartlarına uyğunluğuna dair əsas tələbləri, həmçinin investorların müdafiəsi və aktivlərin qorunub saxlanılması mexanizmlərini müəyyən etməlidir.

İşmetov həmçinin Özbəkistanda İslam maliyyə sənayesinin inkişafı üzrə 2026–2030-cu illəri əhatə edən beşillik yol xəritəsinin hazırlandığını bildirib. "Yaxın illərdə səylərimiz hüquqi və normativ bazanın daha da möhkəmləndirilməsinə, insan kapitalının inkişafına və ictimaiyyətin məlumatlılığının artırılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, İslam bank əməliyyatlarının işə salınmasına köməklik göstərilməsinə və İslam maliyyəsi üçün zəruri infrastrukturun yaradılmasına yönəldiləcək", — deyə o qeyd edib.

Mərkəzi Bank sədri İslam maliyyə xidmətlərinin rəqəmsallaşdırılmasına da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, rəqəmsal kanalların inkişafı bu cür xidmətlərin göstərilməsinin səmərəliliyini artıra və innovasiyalar, investisiyalar və biznesin inkişafı üçün əlavə imkanlar yarada bilər. "Rəqəmsal iqtisadiyyatın yeni dövründə hesab edirik ki, maliyyə xidmətlərinin, o cümlədən İslam maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təqdim edilməsi innovasiyalar, investisiyalar və iqtisadi inkişaf üçün yeni imkanların yaradılmasında getdikcə daha vacib rol oynayacaq", — deyə İşmetov fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti