Daşkənd.Trend:
Ödəniş infrastrukturunun standartlaşdırılması və tənzimləyicilərlə bazar iştirakçıları arasında daimi dialoq fintex sektorunun inkişafını sürətləndirməyə imkan verir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə İndoneziyanın "DANA" ödəniş platformasının CEO-su və həmtəsisçisi Vins Henri İsvartioso Daşkənddə keçirilən "Silk Road Finance & Technology Forum"unda çıxışı zamanı bildirib.
O qeyd edib ki, ödəniş bazarının inkişafının ilkin mərhələlərində iştirakçılar arasında ikitərəfli müqavilələr şirkətlərə layihələrin iqtisadiyyatına və texnoloji həllərə daha çox nəzarət etmək imkanı verir. Lakin bazar genişləndikcə unifikasiya olunmuş infrastruktur daha səmərəli olur. "Əvvəlcə biz ikitərəfli müqavilələrə üstünlük verirdik, çünki o zaman layihənin iqtisadiyyatına, texnologiyalara və ekosistemin qurulmasına daha çox nəzarət edə bilirdiniz. Lakin sonra biz mərkəzləşdirilmiş yanaşmaya və standartlaşdırmaya keçdik", — deyə İsvartioso bildirib.
O vurğulayıb ki, bazar böyüdükcə iştirakçılar üçün öz ödəniş infrastrukturlarını və ayrı-ayrı ekosistemlərini yaratmaq daha az əlverişli olur. "Hesab edirəm ki, indi mərkəzləşdirilmiş yanaşma herkes üçün bərabər şəraitin təmin edilməsində daha böyük rol oynayacaq. Bu baş verəndə, hər bir şirkətin öz infrastrukturunu qurmağa çalışması əvəzinə, şirkətlər avtomatik olaraq diqqətlərini daha yaxşı məhsul yaratmağa cəmləyirlər", — deyə "DANA"nın rəhbəri qeyd edib.
Sözlərinə görə, İndoneziyada QR-ödənişlərin inkişafı bu yanaşmanın bariz nümunəsidir. Mərkəzi bank tərəfindən dəstəklənən vahid standart bazar iştirakçılarına ayrı-ayrı həllər yaratmağa ehtiyac qalmadan ümumi infrastrukturdan istifadə etməyə imkan verib. "QR haqqında danışarkən, hamı bu standartı bilir və ona etibar edir, çünki o, mərkəzi bank tərəfindən təsdiqlənib. Hamı ondan istifadə edir və artiq heç bir sual yaranmır — biz sadəcə ondan faydalanırıq", — deyə o bildirib.
İsvartioso vurğulayıb ki, mərkəzləşdirilmiş yanaşma eyni zamanda dövlət, tənzimləyicilər və özəl sektor arasında əks-əlaqə mexanizmləri ilə əlaqələndirilməlidir.
O, İndoneziyada fəaliyyət göstərən, ödəniş servislərini və Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış digər qurumları birləşdirən özünütənzimləyən təşkilat (ÖTT) təşəbbüsü haqqında danışıb. "Hər bir ödəniş xidməti təminatçısı və mərkəzi bankın lisenziyasına malik hər bir qurum bu ÖTT-nin tərkib hissəsi olmalıdır. Bu, avtomatik olaraq bazar ilə tənzimləyici arasında dialoq yaradır", — deyə İsvartioso qeyd edib.
Onun sözlərinə görə, bu tür qarşılıqlı əlaqə çərçivəsində bazar iştirakçıları yeni məhsulları, tənzimləməni və mərkəzi bankın beşillik inkişaf planlarını müzakirə edirlər. Tənzimləyici "qum qutusu" (sandbox) da yeni həllərin sınaqdan keçirilməsini sürətləndirməyə kömək edir. "Bizim tənzimləyici ilə bütün məsələləri, o cümlədən mərkəzi bankın növbəti beş il üçün yol xəritəsini birbaşa müzakirə edən işçi qruplarımız və komitələrimiz var", — deyə o əlavə edib.
İsvartioso bildirib ki, dövlət qurumları, tənzimləyicilər və özəl şirkətlər arasında daimi qarşılıqlı əlaqə İndoneziyanın ödəniş bazarının inkişaf etdirici amillərindən birinə çevrilib.
