Daşkənd. Trend:
"Xalq Banki" rəqəmsallaşma və agent şəbəkəsinin yaradılması hesabına Özbəkistan regionlarında bank xidmətlərinə çıxış imkanlarını genişləndirməyi planlaşdırır.
Bu barədə Trend-in xüsusi müxbirinə Daşkənddə keçirilən "Silk Road Finance & Technology" Forum çərçivəsində bankın bölmə rəhbəri Murodjon Duliyev deyib.
Duliyevin sözlərinə görə, Özbəkistan "fintech"in inkişafı üzrə regional mərkəzə çevrilir, bank sektorunun rəqəmsallaşdırılması isə əhalinin maliyyə xidmətlərinə çıxışının genişlənməsinə kömək edir. "Hazırda "Xalq Banki" ən çox rəqəmsallaşdırılmış banklardan biri hesab olunur. Biz bütün əməliyyatların demək olar ki, 90 faizinin həyata keçirildiyi mobil tətbiq yaratmışıq", – deyə o bildirib.
O qeyd edib ki, sosial ödənişlər, müəyyən arayışların alınması və əvvəllər əsasən bank filiallarında təqdim olunan digər xidmətlər, xüsusilə, onlayn formata keçirilib.
"Əsasən bunlar sosial xidmətlər, ödənişlər, müəyyən arayışların alınması və digər əməliyyatlardır. Bütün bunları onlayn sistemə keçirmişik", – deyə Duliyev vurğulayıb.
Onun sözlərinə görə, "Xalq Banki" həmçinin rəqəmsal bacarıqların və yeni həllərin inkişafına yönəlmiş öz akademiyasını və laboratoriyasını inkişaf etdirir.
Ayrıca istiqamət kimi iri şəhərlərdən kənarda bank xidmətlərinə çıxışı genişləndirməyə imkan verəcək agent şəbəkəsinin yaradılması nəzərdə tutulur.
"Biz əhali üçün fəaliyyət göstərəcək agent şəbəkəsi yaratmaq istəyirik. Agentlər ödənişləri qəbul edə, müəyyən bank əməliyyatlarını həyata keçirə, kartları qəbul edə, nağd pul vəsaitlərinin verilməsini həyata keçirə, həmçinin məhsullarımız, kreditlərimiz və depozitlərimiz barədə ilkin məlumat verə biləcəklər", – deyə Duliyev bildirib.
O əlavə edib ki, agentlər bank məhsullarının rəsmiləşdirilməsi üçün yeni müştərilərin cəlb edilməsinə də kömək edə biləcəklər.
"Əgər onlar hansısa kartları və ya kreditləri satacaqlarsa, artıq hazırlanmış müştərini bizə yönləndirəcəklər. Əgər bu müştəri bizim tərəfimizdən yoxlamadan keçsə və məhsulu rəsmiləşdirsə, biz agentə mükafat ödəyəcəyik", – deyə o izah edib.
Duliyevin sözlərinə görə, agent şəbəkəsinin inkişafı "Xalq Banki"yə ölkənin bütün regionlarında fəaliyyətini genişləndirməyə və əhali üçün maliyyə xidmətlərinin əlçatanlığını artırmağa imkan verəcək.
"Biz tədricən respublikamızın hər bir guşəsinə çatmaq istəyirik ki, insanlar bank xidmətləri haqqında məlumatlı olsunlar və maliyyə savadlılıqlarını artırsınlar", – deyə o qeyd edib.
"Xalq Banki"nin Mərkəzi Asiyanın digər ölkələrində fəaliyyətini mümkün genişləndirməsindən danışan Duliyev bildirib ki, hazırda konkret planlar barədə məlumat verə bilməz, lakin gələcəkdə bunun mümkünlüyünü istisna etməyib.
"Çox güman ki, bəli. Hazırda biz bir növ maqnitik və çoxları bizə gəlir. Gələcəkdə, bu mərhələni təkcə bank olaraq deyil, həm də ölkə olaraq keçsək, çox güman ki, mütləq xarici bazarlara çıxacağıq", – deyə Duliyev fikrini yekunlaşdırıb.
