Bakı. Trend:
Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltihab formalaşır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, elmi ədəbiyyatda bu son hala “inflammaging”
deyilir:
“Nə yediyimiz və necə yatdığımız bu proseslərin hər birinə birbaşa
təsir göstərir.
Ən çox sübutu olan qidalanma modeli Aralıq dənizi tipli pəhrizdir:
zeytun yağı, yağlı balıq, paxlalılar, tərəvəz, meyvə, qoz-fındıq və
tam taxıl. İspaniyada aparılmış tədqiqatlarda zeytun yağı və ya
qoz-fındıqla zənginləşdirilmiş bu pəhriz təxminən beş il ərzində
ürək-damar hadisələrinin riskini 30%-ə yaxın azaldıb.
Mexanizm aydındır: zeytun yağı və balıq yağının turşuları damar divarındakı iltihabı söndürür, giləmeyvə, yaşıl çay və tünd şokoladdakı polifenollar hüceyrəni oksidləşdirici stresdən qoruyur, tərəvəz və paxlalılardakı lif isə bağırsaq mikrobiotasını qidalandırır”.
Mütəxəssis-ekspert bildirib ki, bağırsaq bakteriyaları lifdən qısa
zəncirli yağ turşuları (məsələn, butirat) sintez edir:
“Bu birləşmələr bağırsaq divarını möhkəm saxlayır və iltihab
mediatorlarının qana keçməsinə mane olur. Yaşlanmış bağırsaq
mikrobiotası ilə fiziki zəiflik arasındakı əlaqə son illərin ən çox
öyrənilən mövzularından biridir. Burada nə qədər yediyimiz də
vacibdir. Kalori məhdudlaşdırılması heyvan modellərində ömrü uzadan
ən stabil müdaxilədir. İnsanlarda aparılmış tədqiqatda iki il
ərzində gündəlik kalorini təxminən 12% azaldan sağlam könüllülərdə
bioloji qocalma sürətinin bir qədər yavaşladığı qeydə alınıb”.
E. Məmmədov qeyd edib ki, əks istiqamətdə isə şəkərli içkilər,
işlənmiş ət və ultra-işlənmiş qidalar insulinə qarşı rezistentlik
yaradır:
“Zülalların şəkərlə birləşməsindən (qlikasiya) əmələ gələn
məhsullar isə damar və dəri kollagenini sərtləşdirir. Dəridəki
qırışların bir hissəsi məhz bu mexanizmlə yaranır”.
