AİB Azərbaycanın iştirakı ilə sərhəd infrastrukturunun modernləşdirilməsi layihəsini təsdiqləyib

Maliyyə Materials 26 Avqust 2026 09:46 (UTC +04:00)
AİB Azərbaycanın iştirakı ilə sərhəd infrastrukturunun modernləşdirilməsi layihəsini təsdiqləyib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) CAREC regionu ölkələrində sərhədkeçid daşımalarının səmərəliliyinin artırılmasına, ticarət müddətinin və xərclərinin azaldılmasına yönəlmiş Azərbaycanın iştirakı ilə "İnteqrasiya, loqistika və inkişaf üçün sərhədlərin modernləşdirilməsi" (BUILD) layihəsini təsdiqləyib.

AİB-in məlumatına görə, layihənin ümumi maliyyələşdirmə həcminə bankın adi resursları hesabına 320 milyon dollar məbləğində kredit və 65 milyon dollar məbləğində güzəştli kredit daxildir. Bundan əlavə, güzəştli maliyyələşdirmə çərçivəsində 15 milyon dollar məbləğində qrant nəzərdə tutulub.

Vurğulanır ki, layihə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

"Layihənin əsas məqsədi CAREC nəqliyyat şəbəkəsi boyunca ticarət müddətini və xərclərini azaltmaqdır. Təşəbbüs çərçivəsində buraxılış məntəqələrində infrastrukturun və prosedurların təkmilləşdirilməsi, həmçinin sərhədkeçid daşımalarının və nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması planlaşdırılır.

Buraxılış məntəqələrinin modernləşdirilməsi bankın regional əməkdaşlıq və inteqrasiya strategiyasına uyğundur və CAREC ölkələri arasında nəqliyyat əlaqələrinin, ticarət və loqistikanın səmərəliliyinin artırılmasına yönəlib", - deyə bankdan bildirilib.

Qeyd olunur ki, layihənin reallaşdırılması zərurəti, xüsusən sərhədlərdən keçid müddətinin artması ilə bağlıdır. AİB-in məlumatına görə, CAREC şəbəkəsində dəmir yolu sərhəd keçidlərindən orta keçid müddəti 2010-cu ildəki 22,1 saatdan 2024-cü ildə 25,5 saata yüksəlib, orta xərclər isə 160 dollardan 223 dollara qədər artıb.

Bankın məlumatına əsasən, avtomobil buraxılış məntəqələrində rəsmiləşdirmənin orta müddəti iki dəfədən çox artaraq 2010-cu ildəki 6,3 saatdan 2024-cü ildə 14,1 saata çatıb.

AİB-də həmçinin CAREC nəqliyyat dəhlizlərinə tələbatın artdığı qeyd olunur: "Xüsusilə, son illərin xarici amilləri Şərqi Asiya ilə Avropa arasında yükdaşımaların artmasına təkan verib ki, bu da qlobal təchizat zəncirində CAREC dəhlizlərinin əhəmiyyətini artırıb. Böyük ölçüdə Orta Dəhliz marşrutu ilə üst-üstə düşən 2-ci CAREC dəhlizi xüsusi əhəmiyyət kəsb edir".

BUILD layihəsinin reallaşdırılmasının sərhəd infrastrukturunun səmərəliliyini artırmağa, yüklərin daşınması zamanı yubanmaları azaltmağa və regionda ticarət-nəqliyyat xərclərini aşağı salmağa imkan verəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti