Bakı. Trend:
Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, yuxu azlığı həm də kortizolu artırır, böyümə
hormonunun gecə ifrazını azaldır və iştah hormonlarını (qrelin və
leptin) pozur:
“Nəticədə insan səhəri daha ac və şirniyyata daha meyilli
qarşılayır. Beləliklə, pis yuxu pis qidalanmanı, pis qidalanma isə
pis yuxunu doğurur. Beynin qocalmasına gəldikdə, MRT-yə əsaslanan
“beyin yaşı” tədqiqatları pis yuxu keyfiyyəti ilə xronoloji yaşdan
daha yaşlı görünən beyin arasında əlaqə tapıb. Bu əlaqənin nə
qədərinin səbəb, nə qədərinin nəticə olduğu hələ tam aydın deyil,
lakin müşahidə və eksperimental məlumatlar eyni istiqaməti
göstərir”.
Mütəxəssis-ekspert bildirib ki, qocalmanı dayandırmaq mümkün
deyil:
“Amma sürətini iki gündəlik seçim müəyyən edir: boşqaba nə
qoyduğumuz və gecə neçə saat yatdığımız. Hər ikisi bu gecədən
dəyişdirilə bilər”.
