Bakı. Trend:
Nepalda sel və daşqınlar nəticəsində 538 nəfər həlak olub, daha 977 nəfər itkin düşmüş hesab olunur.
Bu barədə yerli KİV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hakimiyyətin son məlumatına görə, 73 nəfər xəsarət alıb, 3 742 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatlarına təxminən 15 min nəfər cəlb olunub.
Bundan əlavə, təbii fəlakət zonasından 117 xarici turist xilas edilib.
xxx
08:16
Nepalın şimal rayonlarında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 469-a çatıb.
Bu barədə Nepal polisi məlumat yayıb.
“469 nəfərin meyiti tapılıb, 1545 nəfər yaralanıb və xilas edilib”, – deyə hüquq-mühafizə orqanlarının son hesabatında bildirilib.
xxx
19:44
Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib, 1 000-dən çox insan itkin düşüb.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, itkin düşən yüzlərlə insanın arasında 700-dən çox xarici turist var.
xxx
15:34
Nepalın şimal bölgəsində güclü sel və daşqınlar nəticəsində ölənlərin sayı 332 nəfərə çatıb.
Bu barədə “The Kathmandu Post” nəşri yerli polis rəsmisi Abi Narayan Kaflenə istinadən məlumat yayıb.
Ölənlərin meyitləri ən çox Çitvan və Şərqi Navalparasi rayonlarında aşkarlanıb. Həmin bölgədə xilasetmə-axtarış əməliyyatları hələ də davam etdirilir.
xxx
04:10
Ötən gün Nepalın Tibetlə sərhəd bölgəsində baş verən dağıdıcı sel 157 nəfərin ölümünə səbəb olub. Daşqınlardan bir neçə saat sonra Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin məlumatına görə, 341-i əcnəbi olmaqla, 403 nəfər itkin düşüb. Nepal Turizm İdarəsi isə "X" sosial şəbəkəsində yayımladığı ilkin hesablamada 384 itkin turistin olduğunu bildirib.
İtkin düşən əcnəbilərin hansı ölkə vətəndaşları olduqları ilə bağlı son məlumatlar dərc edilib:
Hindistan: Turizm idarəsinin məlumatına görə, itkin düşən 142 nəfər Hindistan vətəndaşıdır.
Ukrayna: Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Nepalın turizm polisi 53 Ukrayna vətəndaşının itkin düşdüyünü hesab edir. Nazirliyin məlumatına görə, Nepal hakimiyyəti xüsusilə 46 ukraynalı turistdən ibarət qrupla əlaqəni itirib.
Avstraliya: Ölkənin baş naziri Entoni Albanizin bildirdiyinə görə, 34 Avstraliya vətəndaşı itkin düşüb.
Malayziya: Nepal Turizm İdarəsinin məlumatına görə, itkin düşənlərdən 17 nəfər Malayziyadandır. Malayziya Xarici İşlər Nazirliyi isə bildirib ki, Katmandudakı səfirliyə turizm agentlikləri tərəfindən Rasuva rayonunda, Çinlə sərhəddə 11 Malayziya vətəndaşı ilə əlaqənin itirildiyi barədə məlumat verilib.
Böyük Britaniya: "Alpine Eco Trek" agentliyi ilə səyahət edən 12 Britaniya vətəndaşından hələlik xəbər yoxdur.
Cənubi Koreya: Cənubi Koreya rəsmiləri bildiriblər ki, Rasuva rayonunda su elektrik stansiyasının tikintisində çalışan səkkiz Cənubi Koreya vətəndaşından daşqınlardan sonra xəbər alınmayıb.
Cənubi Afrika: "Alpine Eco Trek" agentliyi ilə səyahət edən dörd Cənubi Afrika vətəndaşı turistin itkin düşdüyü bildirilir.
ABŞ: Nepal Turizm İdarəsinin məlumatına görə, "Fishtail Tours & Travels" şirkəti ilə səyahət edən üç ABŞ vətəndaşı itkin düşüb.
Portuqaliya: Portuqaliya Xarici İşlər Nazirliyi Agence France-Presse agentliyinə bildirib ki, bir portuqaliyalı qadın daşqınlar zamanı itkin düşüb. Nazirliyin nümayəndəsi dəqiqləşdirib: “O, sərhəd-keçid məntəqəsinin Nepal tərəfində bir qrupun tərkibində idi”.
Avstraliya: Avstraliyadan gələn və "Kathmandu Holiday Tours & Travel" şirkəti ilə səyahət edən bir nəfərin itkin düşdüyü bildirilir.
Niderland: Eyni agentliklə səyahət edən Niderland vətəndaşı itkin düşüb.
İtaliya: İtaliya Xarici İşlər Nazirliyi bildirib ki, iki italiyalı turist və onların bələdçisi torpaq sürüşməsinin yuxarı hissəsində çətin vəziyyətdə qalıb, lakin onların xilas edilməsi istiqamətində iş aparılır. Nazirlik hazırda Nepal və Tibetdə 90 İtaliya vətəndaşının olduğunu müəyyən edib, lakin onların sel fəlakətindən zərər çəkib-çəkmədikləri hələlik məlum deyil.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, 80 Fransa vətəndaşı Nepalda olduqları barədə quruma məlumat verib. Həmçinin Nepala səfər edən digər Fransa vətəndaşlarının da “zərər çəkmiş ərazilərdə ola biləcəyi” istisna edilmir. Onların taleyi hələlik məlum deyil.
Nepal Turizm İdarəsi bildirib ki, onlarla şəxsin vətəndaşlığı hələ dəqiqləşdirilməlidir. Bundan əlavə, 93 Nepal vətəndaşı da itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Himalay dağlarının mərkəzində yerləşən Nepal, ilk növbədə Everest dağına qalxmaq istəyən dünyanın hər yerindən yürüşçülər və alpinistlər üçün çox məşhur turizm məkanıdır.
