Nigeriyada adam oğurluqlarına görə bir il ərzində 5 milyon avro fidyə ödənilib

Dünya xəbərləri Xəbər 27 Avqust 2026 06:14 (UTC +04:00)
Nigeriyada adam oğurluqlarına görə bir il ərzində 5 milyon avro fidyə ödənilib

Bakı. Trend:

Nigeriyada 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər adam oğurluğu ilə məşğul olan qruplara təxminən 7,78 milyard naira (təxminən 5 milyon avro) fidyə ödənilib. Bu məbləğ əvvəlki ilin eyni dövründə ödənilmiş 2,56 milyard nairadan üç dəfədən çoxdur.

Bu barədə məlumat Laqosda yerləşən "SBM İntelligence" konsaltinq şirkətinin avqustun 26-da dərc etdiyi hesabata əks olunub.

SBM İntelligence-ın məlumatına görə, həmin müddət ərzində ən azı 7 825 nəfər oğurlanıb ki, bu da əvvəlki dövrlə (2024-cü ilin iyulu – 2025-ci ilin iyunu) müqayisədə 66 faiz çoxdur. Hesabatda bildirilir ki, ən azı 1142 nəfər öldürülüb, onlardan 895-i mülki şəxsdir.

Afrikanın ən çox əhalisi olan ölkəsi (təxminən 240 milyon nəfər) artıq on yeddi ildir ki, ölkənin şimal-şərqində cihadçı qrupların apardığı üsyanla mübarizə aparır. Bu qruplar adam oğurluqlarını əsas mübarizə vasitələrindən birinə çeviriblər. Buna 2014-cü ildə Çibok şəhərində yüzlərlə məktəbli qızın oğurlanması da daxildir. Hakimiyyət həmçinin ölkənin şimal-qərbində və mərkəzi hissəsində fəaliyyət göstərən cinayətkar dəstələrlə də mübarizə aparmalı olur.

Məlumata görə, təkcə cihadçı Boko Haram təşkilatının iki kütləvi adam oğurluğu üçün 7 milyard naira (4,5 milyon avro) fidyə ödənilib. Bu, ödənilən bütün fidyələrin 90 faizini təşkil edir. Bu məbləğ Borno ştatının Nqoşe bölgəsində 400-dən çox insan, eləcə də Papiri adlı ucqar kənddə yerləşən Müqəddəs Meri katolik məktəbinin təxminən 300 şagird və əməkdaşı oğurlanarkən ödənilib.

Agence France-Presse həmin vaxt danışıqlara yaxın mənbələrə istinadən xəbər vermişdi ki, hökumət sonuncu qrupun azad edilməsi üçün ən azı 2 milyard naira (təxminən 1,3 milyon avro) ödəyib. Hakimiyyət isə bu məlumatı təkzib etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti