Donald Tramp şəriətin Londonda və Parisdə “ikinci həyat tərzinə” çevrildiyini bildirib

Dünya xəbərləri Xəbər 27 Avqust 2026 02:19 (UTC +04:00)
Donald Tramp şəriətin Londonda və Parisdə “ikinci həyat tərzinə” çevrildiyini bildirib

Bakı. Trend:

Donald Tramp yenidən Fransada və Avropada şəriətin tutduğu yerə diqqət çəkib.

ABŞ prezidenti çərşənbə günü mühafizəkar şərhçi Qlenn Bekin suallarını cavablandırarkən ABŞ-da İslam hüququnun istənilən formasını qadağan etmək istədiyini bildirib, daha sonra isə onun fikrincə, şəriətin “demək olar ki, ikinci həyat tərzinə” çevrildiyi London və Parisi nümunə göstərib.

Bek "The Glenn Beck Show" proqramında Trampdan ABŞ-da şəriəti açıq şəkildə qadağan edən qanunu dəstəkləyib-dəstəkləməyəcəyini soruşub.

“Şəriətə gəlincə, qəti şəkildə deyərdim ki, onun bu ölkədə yeri yoxdur: şəriətə yox”, - deyə Donald Tramp cavab verib. “Və bildiyiniz kimi, onun mövcud olduğu yerlər həqiqətən də var. Londona gedirsiniz, Parisə gedirsiniz, bu, demək olar ki, ikinci həyat tərzinə bənzəyir. Bu, gülüncdür”, - deyə o istehza edib

ABŞ prezidenti daha sonra ölkə ərazisində şəriətin qadağan edilməsini dəstəkləyəcəyini bildirib.

“Mən şəriəti tamamilə qadağan edərdim və o, müəyyən dərəcədə bu ölkədə mövcuddur. Onu gördüyümüz yerlərdə aradan qaldırırıq. Onu aradan qaldırmaq lazımdır”, - deyə o bildirib.

Donald Tramp daha sonra ABŞ-da “vahid hüquq sisteminin” mövcudluğunu müdafiə edib və çatışmazlıqlarına baxmayaraq, bu sistemi “ən yaxşı” adlandırıb.

Donald Tramp ötən il də Londonla bağlı oxşar fikirlər səsləndirmişdi. 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zamanı o, Britaniya paytaxtının meri Sadiq Xanı tənqid etmişdi.

“Londona baxıram, orada dəhşətli bir meriniz var, həqiqətən də dəhşətli bir mer. Hər şey o qədər dəyişib ki. İndi onlar şəriəti tətbiq etmək istəyirlər”, - deyə prezident həmin vaxt bildirmişdi.

2024-cü ildə isə Tramp Paris və Londonun “tanınmaz hala gəldiyini” və “cihada qapılarını açdığını” bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti