Bakı. Trend:
UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün əsas mərhələsinə vəsiqə uğrunda pley-off mərhələsinin Fransa “Lion”u ilə Türkiyənin “Fənərbağça” klubları arasında cavab oyunu başa çatıb.
Liondakı “Qrupama” stadionunda keçirilən qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qələbəni bayram ediblər.
Hesabı 24-cü dəqiqədə “Fənərbağça”nın hücumçusu Vedat Muriqi açıb. 28-ci dəqiqədə müdafiəçi Arçi Braun İstanbul təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə “Lion”un vingeri Malik Fofana hesab arasındakı fərqi azaldıb.
“Lion” futbolçuları Lua Opendanın 64-cü dəqiqədə və Kayl Budanın 72-ci dəqiqədə vurduğu qollar isə VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.
Xatırladaq ki, “Fənərbağça” ilə “Lion” arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı.
Beləliklə, Türkiyə klubu 18 il sonra Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb.
Günün digər qarşılaşmalarının nəticələrinə görə AEK Afina, Slovan (Bratislava) və Vikinq (Stavanger, Norveç) də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar.
Liqa mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da Monako şəhərində baş tutacaq.
