Bakı. Trend:
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektləri üçün müqavilənin forma tələbləri, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, eləcə də müqavilə tərəflərinin hüquq və öhdəlikləri ətraflı izah olunub.
Qərara əsasən, podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqqı ödəmək öhdəliyini nəzərdə tutur. Belə müqavilənin predmetini müəyyən işin görülməsi və onun nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir.
Plenum podrat və xidmət müqavilələrinin fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləri olduğunu da vurğulayıb. Qeyd edilib ki, müqavilənin hüquqi təbiəti yalnız onun adına deyil, faktiki məzmununa, tərəflərin öhdəliklərinin xarakterinə və əldə edilməli nəticənin mahiyyətinə əsasən müəyyənləşdirilməlidir.
Podrat müqaviləsində əsas məqsəd konkret və maddiləşə bilən, o cümlədən elektron formada təqdim olunan nəticənin əldə edilməsidir. Buraya daşınmaz əmlakın tikintisi və ya təmiri, yol çəkilməsi, avadanlığın quraşdırılması, kompüter proqramının hazırlanması və digər işlər aid edilə bilər. Xidmət müqaviləsində isə əsas məqsəd konkret maddi nəticənin yaradılması deyil, müəyyən fəaliyyətin həyata keçirilməsidir.
Ali Məhkəmə bildirib ki, Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətini tənzimləyən qanunvericiliyin tələbləri kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir.
Plenum qərarında dövlət satınalmaları ilə bağlı podrat işlərinə də xüsusi diqqət yetirilib. Vurğulanıb ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir.
Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanmış müqavilələrin etibarsız olduğu bildirilib. Belə müqavilələrdən irəli gələn iddialarda əqdin etibarsızlığının nəticələrinin və əsassız varlanma qaydalarının tətbiqi, bir qayda olaraq, istisna edilir.
Ali Məhkəmə bunu qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin həmin münasibətlərdən qanuni hüquq və mənafelərinin yaranmaması ilə əsaslandırıb.
Bildirilib ki, bu kateqoriyadan olan işlərə baxılarkən dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri müəyyən edilərsə, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməlidir.
Bununla yanaşı, Plenum istisna halları da müəyyənləşdirib. Podratçının fəaliyyət sahəsi və müddəti, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmaması, həmçinin “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmaması nəzərə alınmalıdır.
Əgər podratçının müqavilənin qanunazidd olduğunu bilmədiyi, bunu bilməsinin mümkün olmadığı və vicdanlı hərəkət etdiyi müəyyən edilərsə, görülmüş işlər üzrə çəkilən xərclərin dəyəri orta bazar qiymətləri əsasında hesablanaraq əsassız varlanma qaydalarına uyğun şəkildə dövlət orqanından tutula bilər.
Ali Məhkəmə podrat münasibətlərində hüquqi risklərin qarşısının alınması üçün müqavilələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini və müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunmasını tövsiyə edib.
