Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Dünya xəbərləri Xəbər 27 Avqust 2026 03:41 (UTC +04:00)
Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Bakı. Trend:

Əlcəzairin şimal-şərqində meşə yanğınları nəticəsində 12 nəfər ölüb, onlarla insan isə xəsarət alıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi və Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumata görə, yanğınların yaşayış məntəqələrinə qədər yayılması səbəbindən Bejaya və Cicel də daxil olmaqla, müxtəlif vilayətlərdə onlarla insan təxliyə edilib.

Daxili işlər naziri Səid Sayud və səhiyyə naziri Məhəmməd Seddik Ait Messauden yanğınların söndürülməsi əməliyyatlarının gedişini, müdaxilə qruplarının göstərdiyi səyləri, eləcə də yaralıların sağlamlıq vəziyyətini yerindəcə qiymətləndirmək üçün Bejaya vilayətinə gediblər.

Daxili işlər naziri milli televiziyaya bildirib ki, “Cicel vilayətində beş, Bejaya vilayətində dörd, Tizi-Uzu vilayətində isə üç ölüm halı qeydə alınıb”.

Yerli media "Radio Soummam"ın məlumatına görə, Bejaya bölgəsində ölənlər arasında 8 yaşlı oğlan uşağı və 22 yaşlı qadın da var.

Mülki Müdafiə Xidmətinin məlumatına görə, yerli vaxtla saat 20:00-da 69 yanğın davam edib. Yanğınlardan 18-i Bejaya, 7-si isə Cicel vilayətində baş verib.

Jandarm xidməti ölkənin şərqindəki bölgələri bir-biri ilə birləşdirən üç mühüm milli avtomobil yolunun meşə yanğınları səbəbindən bağlandığını açıqlayıb. Yollar Bejaya, Cicel və Setif şəhərlərinin yaxınlığından keçir.

Güclü küləklərin təsiri ilə daha da şiddətlənən yanğınlarla mübarizə aparmaq üçün Mülki Müdafiə Xidməti genişmiqyaslı qüvvə və texnika səfərbər etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti