Bakı. Trend:
Nepalın və Çinin Tibet bölgəsinin vadilərini viran qoyan sel və palçıq axınlarından sonra 1300-dən çox insan itkin düşmüş hesab olunur.
Nepalda ən azı 162, Çində isə üç nəfər həlak olub.
Nepalda Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatına görə, 823 nəfər itkin düşüb. Onların 579-u turistdir və 393-ü əcnəbidir.
Çində isə 558 nəfər itkin düşüb, onların 260-ı əcnəbidir.
xxx
04:39
Nepalda qəfil baş verən daşqının səbəbi məlum olub.
Əldə edilən peyk görüntülərində dağların yüksəkliyində yerləşən buzlağın böyük bir hissəsinin qoparaq çökdüyü və daşqına səbəb olduğu məlum olub.
Təxminən 5 200 metr yüksəklikdən böyük həcmdə buzlaq, qaya parçaları və digər dağıntılar qoparaq 1 200 metrdən çox aşağıda yerləşən dərəyə düşüb. Nəticədə yaranan buz-qaya uçqunu, Lende çayının qarşısını kəsərək müvəqqəti olaraq təbii bənd-göl yaradıb. Bu maneə dağıldıqda isə böyük həcmdə su, buz, palçıq və qayalar aşağı axınla Bote Koşi çayına doğru hərəkət edərək güclü selə səbəb olub.
xxx
01:26
Nepalın şimalında yerləşən Rasua rayonundakı Bote Koşi çayında və Tibetdə qəfil baş verən dağıdıcı sel nəticəsində azı 160 nəfər ölüb, yüzlərlə insan itkin düşüb, onların arasında çoxlu sayda turist var.
Nepal polisi avqustun 26-da axşam saatlarında ölkənin şimalındakı Tibetlə sərhəd bölgəsini vuran dağıdıcı selin apardığı 157 meyitin aşkar edilərək çıxarıldığını açıqlayıb.
Hazırda xilasetmə əməliyyatları davam edir. Daha əvvəl Nepal Turizm İdarəsi 384 turistin itkin düşdüyünü açıqlayıb. Onlardan 93-ü Nepal vətəndaşı, 291-i isə əcnəbidir.
“Sizdən səbirli olmağınızı xahiş edirəm. Hökumət xilasetmə əməliyyatlarını, tibbi yardımı, eləcə də sizin yerləşdirilmənizi və qidalanmanızı tam şəkildə öz üzərinə götürür. Belə bir fəlakət qarşısında hamımız birlikdə olmalıyıq”, - Nepalın baş naziri Balendra Şah sosial şəbəkələrdə yayımlanan bəyanatında bildirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen "X" sosial şəbəkəsində bildirib ki, Avropa İttifaqı “Nepalda zərərçəkmiş ərazilərin xəritələndirilməsinə və xilasetmə əməliyyatlarına dəstək göstərilməsinə kömək etmək” məqsədilə “Kopernik” peyk müşahidə sistemini işə salıb.
Nepal polisinin sosial şəbəkələrdə yaydığı görüntülərdə daşqın nəticəsində Himalay vadisində, Çinlə sərhəddə yerləşən rayonda çayın sularının güclü axınla irəliləyərək qarşısına çıxan evləri apardığı əks olunub.
Fəlakətlə bağlı Çin Prezidenti Si Cinpin “Sinxua”ya açıqlama verib.
“Ən əsas prioritet bütün imkanların itkin düşən şəxslərin axtarışı və xilas edilməsinə səfərbər edilməsi, təhlükədə olan sakinlərin təxliyə olunması və yerləşdirilməsi, yaralılara operativ tibbi yardım göstərilməsi və tələfatın mümkün qədər minimuma endirilməsidir”, - deyə o, bildirib.