Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir
Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı
münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik
fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi,
enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə
əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti
vurğulanıb. Bununla yanaşı, qarşılıqlı səfərlərin və təmasların,
siyasi məsləhətləşmələr mexanizminin, o cümlədən parlamentlərarası
əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı
qeyd edilib.
Tərəflər, həmçinin Azərbaycan ilə Avstriya arasında çoxtərəfli
platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və
Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə
ediblər. Sözügedən təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın
və əlaqələndirmənin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd
olunub.
Nazir Ceyhun Bayramov Avstriyanın 2027–2028-ci illər üzrə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bir
daha təbriklərini çatdırıb və qarşılıqlı əməkdaşlığa ümidvar
olduğunu bildirib.
Daha sonra iqtisadiyyat, energetika və nəqliyyat sahələrində
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji
enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi
aparılıb.
Görüşdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynadığı vurğulanıb, cari ilin yanvar ayından
etibarən Azərbaycan təbii qazının Avstriyaya tədarükünə
başlanmasının məmnunluq doğurduğu bildirilib.
Görüşdə, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət,
Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən
bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində
atılan addımlar və qarşıya çıxan çağırışlar barədə məlumat verilib.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb.
Səfir Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı
tərəfdaş kimi qiymətləndirdiyini bildirərək, fəaliyyəti dövründə
Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın bütün
istiqamətlər üzrə daha da inkişaf etdirilməsi naminə səylərini
əsirgəməyəcəyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
