Süni intellekt iqtisadiyyatın bütün sahələrində tətbiq oluna bilər - Ülfan Əliyev

Telekommunikasiya Materials 28 Avqust 2026 10:53 (UTC +04:00)
Süni intellekt iqtisadiyyatın bütün sahələrində tətbiq oluna bilər - Ülfan Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt iqtisadiyyatın bütün sahələrində tətbiq oluna bilər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Milli Süni İntellekt Mərkəzinin Baş kommersiya direktoru Ülfan Əliyev DataRace platformasının ilk yarışının mükafatlandırma mərasimində deyib.

O bildirib ki, "DataRace" platformasının imkanlarından yalnız İT sahəsində deyil, iqtisadiyyatın müxtəlif istiqamətlərində istifadə edilməsi nəzərdə tutulur.

“Biz düşünürük ki, "DataRace" vasitəsilə süni intellekt həllərindən təkcə İT sahəsində deyil, iqtisadiyyatımızın müxtəlif sahələrində istifadə etməliyik. Bura istehsalat prosesləri, nəqliyyatın optimallaşdırılması və digər istiqamətlər daxildir”, – Ü.Əliyev deyib.

Onun sözlərinə görə, bu məsələ Milli Süni İntellekt Mərkəzinin nümayəndələrinin ABŞ-yə səfəri zamanı da müzakirə olunub. Atlanta şəhərində keçirilən süni intellektin istehsalat sahəsində tətbiqinə həsr olunmuş konfransda DataRace platforması vasitəsilə iqtisadiyyatın müxtəlif sektorlarında tətbiq edilə biləcək istifadə ssenariləri ətrafında fikir mübadiləsi aparılıb.

Ü.Əliyev nəqliyyat sahəsini süni intellektin geniş tətbiq imkanlarına malik olduğu istiqamətlərdən biri kimi göstərib. Onun sözlərinə görə, süni intellekt vasitəsilə sifarişin verildiyi andan məhsulun son nöqtəyə çatdırılmasına qədər olan müddətin – ETA-nın (Estimated Time of Arrival) daha dəqiq hesablanması üçün yeni modellər hazırlamaq və mövcud modelləri optimallaşdırmaq mümkündür.

“Eyni zamanda nəqliyyat prosesində ən optimal və qısa marşrutların müəyyənləşdirilməsi ilə bağlı süni intellekt yarışları təşkil edə və əldə olunan həllərdən praktik olaraq istifadə edə bilərik”, – o bildirib.

Baş kommersiya direktoru kibertəhlükəsizliyin də DataRace çərçivəsində potensial istiqamətlərdən olduğunu qeyd edib. Onun sözlərinə görə, kibertəhdidlərin müəyyənləşdirilməsi, xüsusilə fişinq hücumlarının aşkarlanması və qarşısının alınması üçün yerli süni intellekt modellərinin hazırlanması mümkündür.

“Bu proseslərin nəticəsində ölkəmiz xaricdən alınan həllərdən daha çox ölkə daxilində hazırlanmış həllərdən istifadə edə bilər”, – Ü.Əliyev vurğulayıb.

O əlavə edib ki, süni intellekt modellərinin kritik infrastrukturda da tətbiqi mümkündür. Belə həllər boru kəmərlərində mümkün sızmaların əvvəlcədən aşkarlanmasına imkan verə bilər. Neft kəmərlərində bunun tətbiqi ətraf mühitin çirklənməsi riskinin minimuma endirilməsinə, su kəmərlərində isə itkilərin vaxtında müəyyənləşdirilərək nasazlığın aradan qaldırılmasına kömək edə bilər.

Ü.Əliyev qeyd edib ki, süni intellekt layihələrinin yalnız İT sektoru ilə əlaqələndirilməsi düzgün yanaşma deyil:

“Hazırkı trend göstərir ki, iqtisadiyyatın istənilən sahəsində süni intellekt əsaslı layihələr hazırlamaq mümkündür”.

O, təhsil sahəsində də süni intellektdən istifadə imkanlarının geniş olduğunu bildirib. Belə ki, məktəb və universitetlərdə şagird və tələbələrin akademik göstəricilərinin təhlili əsasında onların hansı fənlər üzrə çətinliklə üzləşə biləcəyi əvvəlcədən proqnozlaşdırıla bilər. Bunun əsasında əlavə dərslər və digər dəstək tədbirləri təşkil etməklə nəticələrin yaxşılaşdırılması mümkündür.

Ü.Əliyev könüllülərin idarə olunmasında da süni intellekt həllərindən istifadənin mümkünlüyünə diqqət çəkib. Onun sözlərinə görə, könüllülərin profillərinin təhlili əsasında onların hansı fəaliyyət istiqamətinə daha uyğun olduğunu müəyyənləşdirən modellər hazırlamaq olar.

“Belə modellər vasitəsilə könüllülərə hansı sahədə daha uğurlu ola biləcəkləri və karyeralarını hansı istiqamətdə inkişaf etdirə biləcəkləri ilə bağlı tövsiyələr vermək mümkündür”, – o deyib.

Ü.Əliyev sonda bildirib ki, Milli Süni İntellekt Mərkəzi bu istiqamətlərdə layihələrin və yeni süni intellekt həllərinin hazırlanmasına maksimum dəstək göstərməyə çalışır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti