Bakı. Trend:
Azərbaycan Respublikası BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Çərçivə Konvensiyasının hazırlanması məqsədilə keçirilən Hökumətlərarası Danışıqlar Komitəsinin beşinci substantiv sessiyasında iştirak edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, sessiyada Azərbaycanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspert qrupunun üzvü, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov təmsil edib.
Sessiya çərçivəsində vergitutma hüquqlarının dövlətlər arasında ədalətli bölgüsü, qeyri-qanuni maliyyə axınları və zərərli vergi praktikaları ilə mübarizə, eləcə də inkişaf etməkdə olan ölkələrin institusional potensialının gücləndirilməsi məsələləri müzakirə edilib.
Danışıqlar zamanı həmçinin transsərhəd, o cümlədən rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, vergi mübahisələrinin qarşısının alınması və həlli ilə bağlı ilkin protokol layihələrinə baxılıb. Müzakirələr zamanı Ceyhun İsmayılov praktik və tətbiq oluna bilən qaydaların hazırlanmasının, ikiqat vergitutmanın aradan qaldırılmasının, eləcə də inkişaf etməkdə olan ölkələrə effektiv texniki dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.
"Yeni beynəlxalq çərçivənin hazırlanması inkişaf etməkdə olan ölkələrin qlobal vergi qaydalarının formalaşdırılmasında iştirakına, vergitutma hüquqlarının qorunmasına, ikiqat vergitutma risklərinin azaldılmasına, transfer qiymətlərinin tətbiqində səmərəliliyin artırılmasına və vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir", - məlumatda qeyd edilib.
