Bakı. Trend:
Avqustun 27-də günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda
qeyd edilib.
Bildirilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya
münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə
yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında
Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib
hissəsi olduğu istisna edilmir.
"Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu
kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin
hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların
təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə
çağırır.
Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana
Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin
və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin
edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə
mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının
alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini
gözləyirik", - deyə məlumatda qeyd edilib.
