Bakı.Trend:
İranın Çexiyadakı səfiri Tehranın Praqadan fars dilində yayımlanan “Radio Farda”ya qarşı təhdidləri ilə əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə CTK informasiya agentliyi Çexiyanın xarici işlər naziri Petr Matzinkaya istinadən məlumat yayıb.
Avqustun 26-da İranın sərhədlərindən kənarda fəaliyyət göstərən və fars dilində yayımlar həyata keçirən bir sıra media qurumlarını, o cümlədən “Radio Farda”nı hərbi hədəflər siyahısına daxil etdiyi məlum olub. Radio ABŞ-nin “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media holdinqinin idarəçiliyi altında fəaliyyət göstərir. Holdinqin baş qərargahı Praqada yerləşir.
Agentliyin qeyd etdiyi kimi, Çexiyanın xüsusi xidmət orqanları və polisi “Radio Farda”ya qarşı təhdidləri təhlil edir.
