"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi

Cəmiyyət Materials 28 Avqust 2026 14:41 (UTC +04:00)
"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" "TezSağal" məhsulunu təqdim etdi

Bakı. Trend:

"Referans Medical Group" və "PAŞA Həyat Sığorta" arasında memorandum imzalandı. Qonaqlara "TezSağal" məhsulu təqdim edildi. Layihə ilkin mərhələdə "Referans Medical Group"un tərkibinə daxil olan "LOR Hospital"da tətbiq olunur. Daha sonra "Referans Medical Group"a daxil olan digər hospitallara da tətbiq ediləcək.

Layihə çərçivəsində "LOR Hospital" və "PAŞA Həyat Sığorta" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə "TezSağal" əməliyyat həyat sığortası məhsulunun "LOR Hospital"da tətbiqini və pasiyentlər üçün sığorta imkanlarının genişləndirilməsini nəzərdə tutur.

"TezSağal" eksklüziv xarakter daşıyır: "PAŞA Həyat Sığorta" LOR profili üzrə sığorta xidmətlərini "LOR Hospital"dan başqa heç bir klinikada aktivləşdirə bilməz — bu xidmət regionda yalnız "LOR Hospital" ilə həyata keçiriləcək.

"TezSağal" məhsulu pasiyentlərə bir sıra üstünlüklər təqdim edir:

  • Əməliyyat keçirən pasiyentlər üçün 30 günlük həyat sığortası, pasiyenti əməliyyatdan sonrakı kritik dövrdə maliyyə risklərinə qarşı qoruyur.
  • Məhsul heç bir əlavə ödəniş tələb olunmadan 18–55 yaş arası pasiyentlərə tətbiq olunur.
  • Sığorta təminatı təkcə əməliyyatla bağlı riskləri deyil, pasiyentin daşıdığı digər xəstəliklərdən yarana biləcək əlavə riskləri də əhatə edir.


Məhsulun ikinci mərhələsində əməliyyat sonrası ağırlaşmalar da sığortalanacaq. Bu, pasiyentin daşıdığı digər xəstəliklərdən yaranan ağırlaşmaların da yenidən sığorta hesabına əməliyyat olunması deməkdir. Eyni zamanda bu mərhələdə sığorta təminatı 18 yaşına qədər olan pasiyentləri də əhatə edəcək.

LOR profili üzrə eksklüziv əməkdaşlığın seçilməsində əsas məqsəd budur ki, "LOR Hospital" Azərbaycanın ilk və yeganə ixtisaslaşmış Qulaq, Burun, Boğaz və Baş-Boyun Mərkəzi olaraq, yaradıldığı gündən etibarən xəstələrin sağlamlığını qorumaq, diaqnostika və müalicə proseslərini beynəlxalq standartlara uyğun səviyyədə həyata keçirən klinikadır. Sığorta təminatı təkcə Azərbaycan vətəndaşlarını deyil, xarici vətəndaşları da əhatə edir ki, bu da regionda tibbi turizmin təşviqinə töhfə verir.

"LOR Hospital"da həyata keçirilməklə start alan layihənin növbəti mərhələlərdə "Referans Medical Group"un digər tibb müəssisələrini də əhatə etməsi planlaşdırılır.

Əməkdaşlığın əsas məqsədi — məhsulu təqdim edərkən pasiyent məmnuniyyətini təmin etməklə yanaşı, pasiyentlərin daşıdıqları digər xəstəliklərdən yarana biləcək hər hansı riski də sığorta təminatına daxil etməkdir. Bu əhatə "PAŞA Həyat Sığorta" ilə əməkdaşlıq çərçivəsində artıq pasiyentlərə təqdim olunur.

Beləliklə, pasiyentlər tibbi xidmətlə yanaşı, əməliyyatdan sonrakı dövr üçün əlavə maliyyə müdafiəsi əldə edir və bütün hallarda sığortalı olduqlarına əmin şəkildə güvənə bilirlər.

Tədbirdə "PAŞA Həyat Sığorta" və "Referans Medical Group"un rəhbər heyəti və hər iki şirkətin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı əməkdaşlığın əhəmiyyəti, "TezSağal" layihəsinin pasiyentlər üçün yaradacağı üstünlüklər və gələcək inkişaf perspektivləri vurğulanıb.

Xəbər lenti

Xəbər lenti