Bakı.Trend:
İyul ayında Azərbaycanda “Visa” ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi məlum olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, bu ilin iyul ayında Azərbaycanda rezident maliyyə qurumları tərəfindən buraxılmış “Visa” ödəniş kartları (həmçinin statistik vahidin ödəniş kartları) ilə aparılmış əməliyyatların sayı 181,695 milyon, əməliyyatların həcmi isə 8,994 milyard manat təşkil edib.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 51,336 milyon və ya 39,4 faiz, əməliyyatların həcmi isə 1,338 milyard manat və ya 17,5 faiz artıb.
AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “Visa” kartları üzrə əməliyyatların sayı 1,114 milyon, əməliyyatların həcmi isə 89,7 milyon manat təşkil edib.
Xatırladaq ki, "Visa"nın Azərbaycandakı regional meneceri, baş direktoru Nurlan Hacıyev Trend-ə verdiyi özəl müsahibədə bildirmişdi ki, "Visa" bazara yeni texnologiyalar və xidmətlər təqdim edir və 10 emitent bank artıq "Click to Pay"in texniki tətbiqini başa çatdırıb.
O qeyd edib ki, "Visa" Azərbaycanda tokenləşdirmə, KOBİ həlləri və elektron ticarət xidmətləri daxil olmaqla rəqəmsal ödəniş həllərini fəal şəkildə inkişaf etdirməyə davam edir.
"2019-cu ildə biz "Visa Token Service" texnologiyasını təqdim etdik. "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişlərin təməlini qoyduq və bu texnologiya sonradan Azərbaycana gəldi. Bu gün yerli istifadəçilər üçün bunlar adi haldır: "Bolt", "Wolt", "Epoint", "BirMarket", "Bakcell", "Azercell" və bir çox digər tərəfdaşlarımızın veb saytlarını və ya platformalarını ziyarət edərkən alış-veriş üçün rəqəmsal cüzdanlardan istifadə edə bilərsiniz. Bu, problemsiz, rahat və təhlükəsizdir."
Nurlan Hacıyevin sözlərinə görə, elektron ticarətin tokenləşdirilməsi xeyli artıb:
"Son bir ildə rəqəmsal cüzdanlar vasitəsilə daxili ödənişlərin həcmi təxminən 2,5 dəfə, sərhədlərarası əməliyyatlar isə 1,5 dəfədən çox artıb".
Hazırda doqquz Azərbaycan bankı tərəfindən təklif olunan "Visa Tap to Phone" həlli təmassız ödənişlərin inkişafında əsas rol oynayır:
"Bu, kiçik biznes üçün əlverişli ödəniş üsuludur: ödəniş terminalının quraşdırılmasına və saxlanmasına ehtiyac yoxdur və ödənişlər smartfondan qəbul edilə bilər".
Sərhədlərarası ödənişlər mövzusunda Nurlan Hacıyev Xalq Bank ilə əməkdaşlıqda "Visa Direct Account and Wallet" tətbiqini müzakirə edib. Bu həll beynəlxalq köçürmələri alıcının yerli valyutasında asanlaşdırır.
O, həmçinin premium kart sahibləri üçün mövcud olan imtiyazlardan da danışıb.
"Visa" premium kart sahibləri "DragonPass" proqramı vasitəsilə dünya üzrə 1200 biznes salonundan istənilən birinə daxil ola bilərlər. İstifadəçilər həmçinin Azərbaycanda ən populyar xidmətlərdən biri olan hava limanı transferlərinə və "Fast Track" xidməti ilə xüsusi sürətləndirilmiş qeydiyyat prosesinə çıxış əldə edirlər", - deyə Nurlan Hacıyev bildirib.
O, həmçinin "Sea Breeze"in "Visa"nın əsas tərəfdaşlarından biri olduğunu bildirib:
"Tərəfdaşlıq müqaviləmizi uzatdıq və əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik". "Visa" nümayəndəsi həmçinin daha bir tərəfdaşlığın uzadılmasından - Milli Olimpiya Komitəsi ilə yerli idmanın inkişafını dəstəkləmək məqsədi daşıyan memorandumun imzalanmasından da bəhs edib".
