Bakı. Trend:
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 23-cü fövqəladə iclasında iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində
yerləşən İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın
gündəliyində İƏT-in yeni Baş katibinin seçilməsi, eləcə də Fələstin
və Əl-Qüds Əş-Şərif məsələləri yer alıb.
Tədbirin əvvəlində İƏT-in yeni baş katibinin seçilməsi ilə bağlı
müvafiq qərar yekdilliklə qəbuledilib. Qərara əsasən, müvafiq
vəzifəyə yeganə namizəd olan Mavritaniya İslam Respublikasının
sabiq xarici işlər naziri İsmayıl Uld Şeyx Ahmed İƏT-in yeni baş
katibi seçilib.
İclasda çıxış edən Y.Rəfiyev yeni baş katibi təyinat münasibətilə
təbrik edərək fəaliyyəti müddətində ona Azərbaycan Respublikası
tərəfindən tam dəstək veriləcəyini ifadə edib. Eyni zamanda, İƏT
baş katibi kimi müddəti başa çatmış Hissein Brahim Tahaya ötən
müddət ərzində göstərmiş olduğu səmərəli fəaliyyətə görə təşəkkür
olunub.
Çıxışda İƏT-in mühüm beynəlxalq təsisat kimi inkişaf
perspektivlərinə və qarşısında duran vəzifələrə toxunulub. Nazir
müavini ölkəmizin 2027-ci ildə İƏT Dövlət və Hökumət Başçıları
Zirvəsinə ev sahibliyi edəcəyini və quruma sədrlik edəcəyini
xatırladaraq, təşkilatın maraqları və üzv dövlətlər arasında
əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni baş
katiblə yaxından işləyəcəyini bildirib.
İclasın gündəliyində duran Fələstin məsələsinə dair Azərbaycanın
dəyişməz və prinsipial mövqeyi, beynəlxalq hüququn aliliyinə
hörmətin əhəmiyyəti, habelə ölkəmiz tərəfindən Fələstin xalqına
xüsusilə təhsil və səhiyyə sahəsində göstərilmiş yardımlar qeyd
edilib. Y.Rəfiyev Fələstin Baş naziri Məhəmməd Mustafanın cari ilin
iyul ayında ölkəmizə baş tutmuş rəsmi səfərinin iki ölkə arasında
iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açdığını nəzərə
çatdırıb.
