Bakı. Trend:
Mərkəzi Bankda “Rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda növbəti dəyirmi masa təşkil olunub.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Belə ki, Mərkəzi Bank tərəfindən maliyyə sektorunda innovativ həll və xidmətlərin təşviqini dəstəkləyən görüşlərin keçirilməsi davam etdirilir. Bu istiqamətdə mühüm müzakirə platforması kimi çıxış edən “Rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” dəyirmi masası bu dəfə sığorta sektoru və kapital bazarları təşkilatlarının nümayəndələrini bir araya gətirib.
Mərkəzi Bankın baş direktoru Sadiq Axundovun rəhbərliyi ilə keçən görüşdə təşkilatların rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirak edib.
"Sadiq Axundov ölkədə innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən danışıb. O, cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilmiş müşavirədə və iyun ayında Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin maliyyə sektorunda tətbiqinin zəruriliyindən bəhs edib.
Baş direktor rəqəmsal transformasiyanın sürətləndirilməsinin maliyyə sektorunun inkişafı və rəqabətqabiliyyətliliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək yeni texnologiyalardan səmərəli və məsuliyyətli istifadə, rəqəmsal xidmətlərin inkişafı və innovasiya ilə risklərin idarə edilməsi arasında optimal balansın təmin edilməsinin dayanıqlı rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb", - məlumatda qeyd edilib.
Qeyd edək ki, görüş süni intellektin sektorda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar və potensial imkanların müzakirəsi ilə davam edib.
