Bakı.Trend:
Rusiyada göyərtəsində 99 sərnişinin olan təyyarə Nijni Novqorod üzərindən uçarkən qəza siqnalı göndərib.
Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, “Azimut” aviaşirkətinə məxsus təyyarə Sankt-Peterburqdan Tbilisiyə uçuş həyata keçirib. Təxminən 10,5 min metr yüksəklikdə “baqaj bölməsində yanğın” xəbərdarlıq siqnalı işə düşüb.
Pilotlar beynəlxalq qəza siqnalı olan “Meydey” çağırışını verib və yanğınsöndürmə sistemini işə salıblar.
Təyyarə Nijni Novqorod hava limanına məcburi eniş edib, xəsarət alan olmayıb. Kanalın məlumatına görə, aparılan yoxlama zamanı yanğın izləri aşkar edilməyib və təyyarə növbəti səhər uçuşlarını davam etdirib.
