Bakı. Trend:
Müasir dövrdə datasız effektiv qərar qəbul etmək mümkün deyil.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri AZCON Holding-in Rəqəmsal transformasiya departamentinin Müəssisə arxitekturası şöbəsinin müdiri Fəxri Hüseynov "DataRace" platformasının ilk yarışının mükafatlandırma mərasimində deyib.
O bildirib ki, data artıq gələcəyin deyil, bu günün əsas resurslarından biridir.
“Data gələcək deyil, artıq bizim bu günümüzdür, gündəmimizdir. Hər bir uğurlu qərarın qəbulunda analizlərə əsaslanmaq əsas həll yollarından biridir. 30-40 il əvvəl şirkət rəhbərləri və liderlər uzun illərin təcrübəsinə söykənərək intuitiv qərarlar verirdilər. Bu, həmin qərarların səhv olduğu demək deyil. Sadəcə o dövrdə nəzərə alınmalı olan verilənlərin həcmi indiki qədər böyük deyildi”, – F.Hüseynov bildirib.
Onun sözlərinə görə, bu gün qərarların qəbuluna təsir edən məlumatların və meyarların sayı dəfələrlə artıb. Buna görə də böyük bizneslərin və şirkətlərin idarə edilməsində datanın təhlili mühüm əhəmiyyət daşıyır.
F.Hüseynov şahmatı buna nümunə göstərərək qeyd edib ki, qısa müddətli şahmat oyunlarında belə hər bir gediş əvvəlki təcrübədən formalaşan məlumatların ani təhlilinə əsaslanır. Onun fikrincə, eyni yanaşmanın daha böyük miqyasda biznesin idarə edilməsində tətbiqi mümkündür.
O bildirib ki, dünyada yaranan datanın həcmi sürətlə artır:
“Bəşəriyyət tarixi boyunca toplanmış datanın təxminən 95%-i son iki ildə yaranıb. Bu, gündəlik internet istifadəmizdən, onlayn ödəniş platformalarından və digər rəqəmsal fəaliyyətlərdən formalaşır. Bu, çox böyük göstəricidir. Qarşıdakı illərdə bu qədər böyük həcmdə məlumatın hansı serverlərdə və necə saxlanılması da ciddi məsələyə çevriləcək”.
F.Hüseynovun sözlərinə görə, digər mühüm problem toplanan məlumatların böyük hissəsindən istifadə edilməməsidir.
“Bu gün serverlərdə toplanan datanın təxminən 95%-i istifadə olunmur. Yalnız kiçik bir hissəsindən yararlanılır və ya həmin data monetizasiya edilir. Sual yaranır: istifadə olunmayan bu datanı kim təmizləyəcək, onunla kim işləyəcək və biznes üçün lazım olan məlumatları kim əldə edəcək?”, – o qeyd edib.
F.Hüseynov hesab edir ki, "DataRace" platforması bu problemin həllində mühüm rol oynaya bilər.
""DataRace kimi platformaların əsas imkanlarından biri biznesin görmədiyi və istifadə etmədiyi datanın gənc mütəxəssislər tərəfindən emal edilməsidir. Onlar öz təcrübə və biliklərindən istifadə edərək həmin datadan biznesə lazım olan məlumatları çıxara və onu real dəyərə çevirə bilərlər", – o vurğulayıb.
Onun sözlərinə görə, "DataRace" nəzəri biliklərlə real sektor arasında əlaqənin qurulması baxımından da əhəmiyyətlidir.
""DataRace" nəzəriyyədən real sektora keçiddə böyük rol oynayır. AZCON Holding olaraq Milli Süni İntellekt Mərkəzinin bu təşəbbüsünü dəstəkləyirik və iştirakçılara uğurlar arzulayırıq”, – F.Hüseynov deyib.
O, həmçinin yarışda iştirak edən mütəxəssislərin hazırladığı layihələrlə yaxından tanış olmaq istədiyini bildirib.
“Texniki təcrübəyə malik bir insan kimi qaliblərin, eləcə də digər iştirakçıların layihələri ilə şəxsən tanış olmaq istərdim. Ola bilər ki, maraqlı keyslər üzərində AZCON Holding-in və ya holdinqə daxil olan şirkətlərin datalarını birlikdə emal edərək ortaya yaxşı bir məhsul çıxara bilək”, – F.Hüseynov əlavə edib.
