Bakı. Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
"Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", - deyə məlumatda qeyd edilib.
