Bakı.Trend:
2026-cı ilin yanvar-iyul aylarında SOCAR CAPE-in ixrac gəlirləri 500 min ABŞ dollarından çox təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan “İxrac icmalı”nda bildirilib.
Məlumata görə, ötən ilin yanvar-iyul aylarında gəlirlər barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alır.
Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının kuluarlarında Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata keçirir.
"SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya yatırmağa davam edir", – deyə o bildirib.
