Bakı. Trend:
Səudiyyə Ərəbistanı Pro Liqasının 2026/2027 mövsümünün 4-cü turunda “Əl-Nəsr” və “Əl-Tavun” klubları arasında keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun Ər-Riyadda yerləşən “Əl-Əvvəl Park” stadionunda keçirilib.
Matçın 11-ci dəqiqəsində “Əl-Tavun”un müdafiəçisi Bassam Əl-Hureyci hesabı açıb. İlk hissəyə əlavə olunmuş vaxtda “Əl-Nəsr”in yarımmüdafiəçisi Samu Koşta hesabı bərabərləşdirib. 50-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu meydan sahiblərinə qələbə qazandıran qolu vurub. 41 yaşlı hücumçu müdafiəçi Məhəmməd Simakanın zərbəsindən sonra qapıya doğru gedən topun trayektoriyasını dəyişərək onu tora göndərib.
Bu qol onun karyerasında 978-ci olub.
Pro Liqada dörd oyundan sonra “Əl-Nəsr” 12 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Əl-Tavun” isə iki xalla 15-ci pillədə qərarlaşıb.
Növbəti turda “Əl-Nəsr” sentyabrın 5-də “Əl-İttihad”la, “Əl-Tavun” isə həmin gün “Əl-Fateh”lə qarşılaşacaq.
