Bakı. Trend:
Ekvador hökuməti indiyədək qeydə alınmış ən güclü təbiət hadisəsi ola biləcək El-Ninyo iqlim fenomeni ilə əlaqədar şənbə günü ölkənin bütün ərazisində qırmızı həyəcan elan edib.
Bu barədə Risklərin İdarə Edilməsi Nazirliyi məlumat yayıb.
Elmi qiymətləndirmələrə görə, 2015, 1997 və 1982-ci illərdəki hadisələrdən daha güclü olacaq hazırkı fenomen ilin sonunadək pik həddinə çatacaq və 2027-ci ildə qlobal miqyasda rekord temperaturun qeydə alınmasına səbəb olacaq. Bu fenomen quraqlığın təsirinə məruz qalan Mərkəzi Amerikada, eləcə də meşə yanğınlarının daha da şiddətlənməsinə səbəb olduğu İndoneziyada ciddi fəsadlara yol açır.
Nazirlik yaydığı açıqlamada bildirib ki, "El-Ninyo epizodu ilə əlaqədar bütün milli ərazidə qırmızı həyəcan elan edilib. Bu tədbir okean-atmosfer şəraiti nəzərə alınaraq görülüb".
Nazirlik fövqəladə hallar üzrə əməliyyat komitələrinin fəaliyyətə başlamasını əmr edib. Bu komitələr mümkün risk zonalarında qabaqlayıcı təxliyə və əhalinin mühafizəsi kimi tədbirlərin əlaqələndirilməsinə cavabdehdir.
El-Ninyo ekvatorial Sakit okeanın mərkəzi və şərq hissəsində dəniz səthinin temperaturunu artırır. Bu isə külək, təzyiq və yağıntı rejimlərinin dəyişməsinə, eyni zamanda balıqçılıq fəaliyyətinin və quşların miqrasiyasının pozulmasına səbəb olur.
Ekvador həmçinin Amazoniya bölgəsində quraqlıqların və yanğınların baş verəcəyini gözləyir.
