Bakı. Trend:
Fransa ABŞ-ın müttəfiqi olsa da, hərbi əməliyyatlara yalnız ölkənin milli maraqlarına uyğun gəldiyi təqdirdə qoşulur.
Bu barədə Fransanın Baş naziri Sebastien Lekornyu LCI telekanalına müsahibəsində bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Fransanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməməsini tənqid etməsinə cavab olaraq Parisin “müstəqil müttəfiq” mövqeyində olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, Fransa Vaşinqtonun siyasətini kor-koranə izləmək niyyətində deyil, baş verənləri özü qiymətləndirir və ilk növbədə milli maraqlarını müdafiə edir.
Lekornyu xatırladıb ki, 2000-ci illərin əvvəllərində ABŞ-ın İraqa qarşı keçirdiyi hərbi əməliyyatda da Fransa iştirakdan imtina edib.
Bununla belə, o qeyd edib ki, Paris zərurət yarandıqda müxtəlif
koalisiyalara qoşularaq hərbi əməliyyatlarda iştirak edir.