Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ayın səthindəki hər hansı relyef formasının və ya astronomik obyektin onun şərəfinə adlandırılacağına ümid edir.
ABŞ lideri Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Uçuşlar Mərkəzinə səfəri zamanı xatırladıb ki, bu yaxınlarda amerikalı astronavt Rid Uayzmanın mərhum həyat yoldaşının şərəfinə Ay kraterlərindən birinə ad verilib. Krater Kerroll adlandırılıb.
«İstərdim ki, Rid, onlar mənim şərəfimə də nəyinsə adını qoysunlar», – deyə ABŞ lideri yanında olan Uayzmana bildirib. «Amma bilmirəm. Texas qubernatorundan icazə almalıyam», – deyə ABŞ prezidenti gülərək əlavə edib.
Hyustondakı Amerika Kosmik Uçuşların İdarəetmə Mərkəzinə səfəri zamanı Tramp hazırda Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində olan astronavtlarla da əlaqə saxlayıb.
ABŞ prezidenti kosmosa uçmağa heç bir halda razı olmayacağını etiraf edib.
«Mən bunu etməzdim. Elə indi sizə deyirəm. Bunu etiraf etmək istəmirəm, amma belə bir şeyə getmək istəməzdim. Ancaq bəzi insanlar bunu hər şeydən çox sevirlər. Siz inanılmaz dərəcədə cəsur insanlarsınız», – deyə Tramp bildirib.
«Sizin göyərtədə müxtəlif ölkələrdən olan yaxşı dostlarınız var. Bilmirəm, onlar bizi eşidirlər, ya yox. Sadəcə, onlara da salamlarımı çatdırın», – deyə prezident qeyd edib.
