Bakı. Trend:
Ekvadorun sabiq prezidenti Lenin Moreno korrupsiyaya görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Ekvador Milli Ədalət Məhkəməsi bəyanat yayıb.
xxx
03:30
Ekvador məhkəməsi cümə günü keçmiş prezident Lenin Morenonu ölkənin ən böyük su elektrik stansiyasının tikintisi ilə bağlı rüşvət işi üzrə təqsirli bilib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluq araşdırmaya 2023-cü ilin martında başlayıb. Araşdırma Moreno, onun ailə üzvləri, eləcə də yerli və çinli iş adamlarını, o cümlədən Çinin Kitodakı keçmiş səfirini 2016-cı ildə fəaliyyətə başlayan və o vaxtdan texniki problemlərlə üzləşən “Coca Codo Sinclair” su elektrik stansiyasının tikintisi ilə əlaqəli olduğu iddia edilən korrupsiya şəbəkəsi ilə əlaqələndirib.
“Lenin Morenonun hərəkətləri ittiham tərəfinin irəli sürdüyü ittihamlara – dövlət vəzifəli şəxsinə aid edilən rüşvət cinayətinə uyğundur”, – deyə məhkəməyə sədrlik edən hakim Manuel Kabrera hökmü elan edərkən bildirib.
Morenonun həyat yoldaşı və qızı da təqsirli bilinib.
Baş Prokurorluğun məlumatına görə, “Sinohydro” şirkəti 2009-2018-ci illər arasında saxta konsaltinq müqavilələri vasitəsilə təxminən 76,1 milyon dollar rüşvət ödəyib.
İstintaqın versiyasına görə, vəsaitlər xarici bank hesabları və vergi güzəştlərinin olduğu ofşor yurisdiksiyalardakı saxta şirkətlər vasitəsilə Morenonun ailə üzvlərinə və onun biznes tərəfdaşlarına köçürülüb. İttiham tərəfi bildirib ki, Moreno 2007-2013-cü illərdə vitse-prezident vəzifəsində olduğu müddətdə özü və yaxın qohumları 1 milyon dollardan çox vəsait əldə edib.
Prokurorluq sabiq prezident üçün 6,5 il həbs cəzası istəyib.
2017-2021-ci illərdə prezident vəzifəsini icra edən Moreno məhkəmə qarşısına çıxmaq üçün Paraqvaydan Ekvadora qayıdıb. 73 yaşlı Moreno ittihamları rədd edib və layihə ilə bağlı müqavilələrin imzalanması və ya onlara nəzarət edilməsində heç bir iştirakının olmadığını bildirib.
“Prokurora bir məsləhət: siz yanlış yerdə axtarırsınız. Müqavilələri imzalayanlara, geri ödəniş tələb etmək vərdişi olanlara baxın. Siz yanlış yerdə axtarırsınız”, – deyə Moreno məhkəmə iclasında bildirib.
