Bakı. Trend:
Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti “Şanxay ruhu” prinsiplərinin beynəlxalq siyasətdə əhəmiyyətini bir daha təsdiqləyəcək.
Bu barədə Qırğızıstan Milli Universitetinin Dövlət İdarəçiliyi fakültəsinin professoru, Qırğızıstan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının keçmiş rektoru Almazbek Akmataliyev Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qarşıdakı ŞƏT sammiti 2026-cı ilin mühüm beynəlxalq tədbirlərindən biri olacaq və təşkilatın müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasındakı roluna diqqəti artıracaq.
“Əminəm ki, bu sammit qlobal məsələlərin həllində tolerantlıq, dostluq və əməkdaşlıq, dialoq və diplomatiya prinsiplərinə əsaslanan “Şanxay ruhu”nun dünya siyasətində əhəmiyyətini bir daha nümayiş etdirəcək. ŞƏT Qlobal Cənub ölkələrini birləşdirən beynəlxalq platformadır və bu ölkələrin dünyadakı səsi getdikcə daha çox eşidilir”, – deyə o bildirib.
A. Akmataliyev sammitin Bişkekdə keçirilməsinin Qırğızıstan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, tədbirdə təşkilata üzv və tərəfdaş ölkələrin dövlət başçılarının iştirakı gözlənilir.
“Bişkekə ŞƏT-ə üzv, həmçinin müşahidəçi və tərəfdaş ölkələrdən 20-dən çox dövlət başçısı gələcək. Bu, beynəlxalq ictimaiyyət üçün olduqca mühüm bir dövrdə keçirilən qlobal əhəmiyyətli sammitdir”, – professor vurğulayıb.
Onun qiymətləndirməsinə görə, sammitin əhəmiyyəti beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi gərginliyin artması və dövlətlər arasında qarşılıqlı əlaqələrin yeni mexanizmlərinin axtarılması zərurəti ilə bağlıdır.
A. Akmataliyev hesab edir ki, belə bir şəraitdə ŞƏT dövlətlər arasında dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin təşviqində daha mühüm rol oynaya bilər.
“Ölkələr arasındakı münasibətlərin əvvəlki paradiqmasını ŞƏT-in irəli sürdüyü prinsiplərə əsaslanan yeni bir nizam əvəz etməlidir. Düşünürəm ki, bu baxımdan qarşıdakı sammit tarixi əhəmiyyət daşıya bilər”, – deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirib. 25 il ərzində təşkilatın üzvlərinin sayı 10 dövlətə çatıb.
ŞƏT-in 26-cı, yubiley sammiti Qırğızıstanın sədrliyi ilə avqustun 31-i və sentyabrın 1-də Bişkekdə keçiriləcək. Görüşdə təşkilatın gələcək inkişafı, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzuları olacaq.
Sammitin yekununda liderlərin ŞƏT-in maliyyə və iqtisadi
mexanizmlərinin inkişafı ilə bağlı bir sıra sənədlərə baxacağı
gözlənilir. Bu çərçivədə milli valyutalarla hesablaşmaların
genişləndirilməsi və yeni əməkdaşlıq institutlarının yaradılması
ilə bağlı təşəbbüslərin də müzakirə olunacağı bildirilir.
