“Barselona” yeddiqolluq matçda “Rayo Valyekano”nu məğlub edərək birinci pilləyə yüksəlib

İdman Materials 1 Sentyabr 2026 04:56 (UTC +04:00)
“Barselona” yeddiqolluq matçda “Rayo Valyekano”nu məğlub edərək birinci pilləyə yüksəlib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 3-cü turu çərçivəsində “Barselona” və “Rayo Valyekano” komandaları arasında keçirilən matç başa çatıb. Qarşılaşma İspaniyanın Barselona şəhərindəki “Spotify Camp Nou” stadionunda baş tutub. Matçın baş hakimi Fransisko Xose Ernandes Maeso olub. Görüşdə meydan sahibləri 5:2 hesabı ilə qələbə qazanıblar.

Matçda ilk qolu 12-ci dəqiqədə “Rayo Valyekano”nun hücumçusu Serxio Kamelyo vurub. 19-cu dəqiqədə “Barselona”nın hücumçusu Rafinya hesabı bərabərləşdirib, iki dəqiqə sonra isə vinger Lamin Yamal kataloniyalıları önə keçirib. 51-ci dəqiqədə “Rayo Valyekano”nun müdafiəçisi Florian Lejun topu öz qapısına göndərib. 59-cu dəqiqədə Serxio Kamelyo dubl edib. 71-ci dəqiqədə Rafinya da dublunu rəsmiləşdirib. 90-cı dəqiqədə Lamin Yamal qarşılaşmada ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib — 5:2.

İspaniya çempionatında üç oyundan sonra “Barselona” 9 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Madridin “Real” klubu da 9 xal toplayıb, lakin top fərqinə görə kataloniyalı komandadan geri qalır. “Rayo Valyekano” isə 1 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Növbəti oyunda “Barselona” sentyabrın 6-da səfərdə “Valensiya” ilə qarşılaşacaq. “Rayo Valyekano” isə bir gün əvvəl evdə “Rasinq”lə üz-üzə gələcək.

“Barselona”nın vingeri Lamin Yamal katalon klubunun heyətində 50 və daha çox qol vuran ən gənc futbolçu olub. Bu, İspaniya La Liqasının 3-cü turunda “Barselona”nın “Rayo Valyekano”nu 5:2 hesabı ilə məğlub etdiyi matçda baş verib.

Dubl edən Lamin Yamal kataloniyalıların məşhur keçmiş hücumçusu Xosep Eskolanın 91 il ərzində qorunan rekordunu yeniləyib. Eskola 1935-ci ildə 20 yaş 356 günündə “Barselona”nın heyətində 50 qol həddinə çatmışdı. O vaxtdan bəri bu göstəriciyə ən yaxın olan futbolçu argentinalı Lionel Messi olub. Lakin Messi 50-ci qolunu 21 yaş 120 günündə vurub. Yamal isə rekordunu müəyyənləşdirən zaman 19 yaş 49 günlük olub.

Xəbər lenti

Xəbər lenti