Bakı. Trend:
Türkiyə şirkətləri Azərbaycanda bərpa olunan enerji avadanlıqlarının istehsalının təşkilində maraqlıdırlar.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 31-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (BOEMDA) Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə görüş keçirilib. Görüşdə İş Şurasının sədri Selçuk Akatla yanaşı, Türkiyənin neft, tikinti, bank, reklam, enerji və digər özəl sektorlarını təmsil edən şirkətlərin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən İş Şurasının sədri Selçuk Akat son illərdə Azərbaycanın enerji sektorunda yaşıl enerjinin inkişafına xüsusi önəm verildiyini qeyd edib, bu istiqamətdə COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərə, eləcə də dövlət proqramlarında və ərazi inkişaf proqramlarında öz əksini tapan fəaliyyət istiqamətlərinə diqqət çəkib. O, Türkiyə şirkətlərinin bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək, Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
BOEMDA-nın direktoru Cavid Abdullayev yaşıl enerji sektoruna göstərilən marağa görə təşəkkürünü bildirib, Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, artıq istismarda olan və hazırda tikintisi davam etdirilən elektrik stansiyaları, eləcə də gələcək inkişaf planları barədə ətraflı məlumat verib.
Cavid Abdullayev qeyd edib ki, bir sıra bərpa olunan enerji layihələrinin, xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonlarında həyata keçirilən layihələrin icrasında Türkiyə şirkətləri uğurla iştirak edirlər. O həmçinin Naxçıvanda inşa edilən günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellərin də Türkiyədən tədarük edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, Azərbaycan tərəfinin bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə, eləcə də Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində Türkiyə tərəfi ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüş zamanı İş Şurasının digər üzvləri də çıxış edərək Türkiyə iş adamlarının və özəl sektor nümayəndələrinin Azərbaycanda bərpa olunan enerji sektoruna aid texnologiya və avadanlıqların istehsalının təşkilində maraqlı olduqlarını bildiriblər. Bu çərçivədə Azərbaycanda Türkiyə şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanları, habelə texnologiya transferi və yerli istehsalın təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Görüşün sonunda BOEMDA tərəfindən Türkiyə iş dünyasının Azərbaycanda bərpa olunan enerji sektoruna göstərdiyi maraq yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunması təklif edilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.
"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
”Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.
