Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhərinin Manhetten rayonunun mərkəzində yerləşən Tayms-Skver meydanında iki bıçaqla silahlanmış qadın iki nəfəri bıçaqladıqdan sonra polis əməkdaşlarının açdığı atəş nəticəsində qətlə yetirilib.
Bu barədə Nyu-York polisi məlumat verib.
Hadisə yerli vaxtla saat 16:30-dan (Bakı vaxtı ilə 00:30) az əvvəl 42-ci küçə ilə 7-ci prospektin kəsişməsi yaxınlığında baş verib. İlkin məlumatlara görə, "emosional pozuntu yaşadığı" ehtimal edilən şübhəli şəxs əvvəlcə bir kişi və bir qadına bıçaqla hücum edib. ABC7-nin məlumatına görə, hər iki zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onlardan biri həyatını itirib.
Hücumdan sonra qadın Tayms-Skverdə yerləşən şəhər polis bölməsinin istiqamətində qaçıb. Polis əməkdaşlarının tələblərinə baxmayaraq, qadın silahlarını yerə qoymaqdan imtina edib.
“Polis əməkdaşları dörd dəqiqə ərzində qadınla danışmağa çalışıb və dəfələrlə ondan bıçaqları yerə qoymasını tələb ediblər, lakin o, bundan imtina edib”, — polis rəisi bildirib. “Danışıq zamanı o, polis əməkdaşlarına deyib: "Heç nəyi yerə qoymayacağam. Sizi öldürməyə üstünlük verərdim", — o əlavə edib.
Görüntülərdə elektroşok cihazlarından istifadənin nəticə vermədiyi və qadının bıçaqları nümayiş etdirərək sürətlə polis əməkdaşlarına doğru irəlilədiyi görünür. Bundan sonra iki polis əməkdaşı atəş açıb.