Bakı. Trend:
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyən edilib və mağaranın ikinci girişindən yeni istiqamətdə tədqiqatlara başlanılıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.
Bildirilib ki, AMEA və Elm və Təhsil Nazirliyinin rəhbərliyi və nümayəndələri Qarabağda, Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən Azıx mağarasını ziyarət edərək beynəlxalq ekspedisiyanın apardığı arxeoloji qazıntı işləri ilə tanış olublar.
Səfər zamanı qazıntı sahələrindən aşkar edilmiş eksponatlara və onların ilkin laborator analizlərinə baxış keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu il arxeoloji qazıntılarda iştirak edən xarici alimlərin tərkibi genişləndirilib və mühüm elmi nəticələr əldə olunub. Onun sözlərinə görə, elm tarixində ilk dəfə Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdirilib və ikinci giriş vasitəsilə mağaranın yeni istiqamətdə tədqiqinə başlanılıb.
Azıx beynəlxalq arxeoloji ekspedisiyasının həmrəhbəri João Marreiros isə Avropa ölkələrində Azıx mağarasına bənzər qədim tarixə, böyük əraziyə və çoxqatlı mədəni təbəqəyə malik insan düşərgəsinə rast gəlinmədiyini bildirib. O, Azıxda aparılan tədqiqatların dünya elmi baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd olunub ki, 2023-cü ildən fəaliyyət göstərən Azıx beynəlxalq arxeoloji ekspedisiyasına Azərbaycanla yanaşı, Almaniya, Portuqaliya, ABŞ, Danimarka, Türkiyə, İngiltərə, Polşa, Yunanıstan, Slovakiya, Pakistan və Fransadan tədqiqatçılar cəlb edilib.
Qarabağ Universiteti, Azərbaycan Dillər Universiteti, İngiltərənin Oksford Universiteti və Portuqaliyanın Algarve Universitetinin tələbə və mütəxəssisləri də qazıntı və tədqiqat işlərində iştirak edirlər.
