Bakı. Trend:
Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, builki Konfransın əsas mövzusu itkin düşmüş şəxslər
məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və
həll yollarının inkişaf etdirilməsidir.
"Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında
etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq. Təcrübə
göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində
real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların
vaxtında təqdim olunması olmadan mümkün deyil.
Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o
cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların
təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin
axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə
humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət
yetiriləcək".
Məlumatda bildirilib ki, konfransın məqsədi yalnız müzakirələrlə
kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin
həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat
mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və
texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı
mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
"Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər,
ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək
humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını
müzakirə edəcəklər. Minlərlə ailə üçün qeyri-müəyyənlik artıq çox
uzun çəkib. Etimad məlumatdan başlayır. Əməkdaşlıq cavablara
aparmalıdır", - deyə məlumatda qeyd edilib.
