Azərbaycanda texnopark rezidentliyi üçün yeni qaydalar hazırlanır

İqtisadiyyat Materials 1 Sentyabr 2026 11:14 (UTC +04:00)
Azərbaycanda texnopark rezidentliyi üçün yeni qaydalar hazırlanır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda texnologiyalar parklarının fəaliyyət dairəsi genişləndirilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.

“Texnologiyalar parkı innovasiya və yüksək texnologiya məhsullarının hazırlandığı, inkişaf etdirildiyi, bununla bağlı elmi tədqiqatların aparıldığı və məhsulların kommersiyalaşdırıldığı məkandır”, - deyə o bildirib.

Onun sözlərinə görə, texnologiyalar parklarının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 168 nömrəli fərmanı ilə təsdiqlənmiş “Texnologiyalar parkının nümunəvi əsasnaməsi” əsasında tənzimlənir.

S.Hümbətzadə bildirib ki, yeni yanaşmalardan biri texnologiyalar parklarının rezidentliyi ilə bağlı eksterritoriallıq prinsipinin genişləndirilməsidir.

“Əvvəllər texnologiyalar parkının rezidenti dedikdə yalnız həmin fiziki ərazidə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər nəzərdə tutulurdu. Daha sonra texnologiyalar parkının kənar rezidenti anlayışını gətirdik. Belə rezident fiziki ərazidə yerləşmədən, məsafədən fəaliyyət göstərə bilir”, - deyə o qeyd edib.

Şöbə müdiri bildirib ki, indiyədək texnoparkdan kənar rezidentlərin fəaliyyət dairəsi əsasən proqram təminatının hazırlanması və inkişaf etdirilməsi ilə məhdudlaşırdı.

“Bizə daxil olan müraciətlər göstərirdi ki, rəqəmsallaşma və innovasiya sahəsində fəaliyyət göstərən, lakin proqram təminatının hazırlanması ilə məşğul olmayan çoxsaylı subyektlər var. Onların fəaliyyəti rəqəmsal inkişaf və innovasiya xarakteri daşısa da, mövcud çərçivədə texnologiyalar parkının kənar rezidenti statusunu ala bilmirdilər. Nəticədə güzəştlərdən də istifadə edə bilmirdilər”, - deyə S.Hümbətzadə bildirib.

O qeyd edib ki, bu səbəbdən texnologiyalar parkından kənar rezidentlərin fəaliyyət istiqamətləri genişləndirilir.

Yeni yanaşmada 10 əsas fəaliyyət domeni müəyyənləşdirilib:

• süni intellekt və məlumat analitikası;

• kibertəhlükəsizlik;

• bulud və rəqəmsal infrastrukturlar;

• oyun və yaradıcı texnologiyalar;

• startap və vençur quruculuğu;

• Əşyaların İnterneti (IoT);

• yüksək texnologiyalar və yaşıl enerji;

• proqram təminatı;

• dəstəkləyici İT xidmətləri;

• elmi tədqiqatlar.

“Bunlarla da məhdudlaşmır. Bu 10 əsas domenin hər birinin daxilində alt-domenlər və subkateqoriyalar mövcuddur. Namizədlər həmin istiqamətlər üzrə də fəaliyyət göstərə və rezidentlik üçün müraciət edə bilərlər”, - deyə şöbə müdiri əlavə edib.

S.Hümbətzadənin sözlərinə görə, texnologiyalar parkının kənar rezidentliyinə qəbul zamanı mövcud olan bir sıra ağır tələblər də aradan qaldırılır.

“Əvvəllər rezident olmaq üçün ən azı bir işçinin olması, məhsulun artıq satılması və ya müəyyən müddət ərzində fəaliyyət göstərilməsi kimi tələblər vardı. Bu isə ideya mərhələsində olan startapların rezidentlik əldə etməsinə və güzəştlərdən yararlanmasına imkan vermirdi”, - deyə o bildirib.

O qeyd edib ki, yeni yanaşmaya əsasən, bu tələblər ləğv edilir.

“Hazırda texnoparkdan kənar rezidentliyə qəbul üçün ağır tələblər yoxdur. Şəxs və ya şirkət müəyyən edilmiş fəaliyyət istiqamətlərindən birində çalışdığını bəyan edərək müraciət edə və rezidentlik əldə edə bilər”, - deyə S.Hümbətzadə vurğulayıb.

Onun sözlərinə görə, fiziki ərazidə fəaliyyət göstərən rezidentlər müvafiq məkan və infrastruktura çıxış əldə edir, texnoparkdan kənar rezidentlər isə qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən yararlana bilirlər.

S.Hümbətzadə qanunvericiliyə “qeyri-rezident” anlayışının da əlavə edildiyini bildirib.

“Qeyri-rezidentlər birbaşa innovasiya və ya rəqəmsal inkişaf fəaliyyəti ilə məşğul olmayan, texnologiyalar parkının ərazisində əsasən ictimai iaşə və digər xidmət sahələrində fəaliyyət göstərən subyektlərdir. Fiziki texnoparkın ərazisində çalışan rezidentlər üçün kafelər, restoranlar və şəbəkələşmə mühiti kimi xidmətlərin olması vacibdir”, - deyə o qeyd edib.

Şöbə müdiri bildirib ki, hazırda qeyri-rezidentlərə münasibətdə xüsusi güzəştlər tətbiq edilmir.

“Yaxın gələcəkdə beynəlxalq təcrübə nəzərə alınmaqla bu subyektlər üçün müəyyən güzəştlərin və ya azadolmaların tətbiqi nəzərdən keçirilə bilər”, - deyə S.Hümbətzadə əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti