Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilib

Siyasət Xəbər 1 Sentyabr 2026 09:17 (UTC +04:00)
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek. Trend:

Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçirilib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, sammiti işıqlandırmaq üçün yerli və xarici KİV-lərin 500-dən çox nümayəndəsi akkreditasiyadan keçib. Onlardan 434-ü ümumilikdə 115 kütləvi informasiya vasitəsini təmsil edən xarici jurnalistlərdir.

Bişkekə Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər gəlib.

Azərbaycan KİV-lərinin nümayəndələri də sammiti hadisə yerindən birbaşa işıqlandıraraq keçirilən görüşlər və qəbul edilən qərarlar barədə operativ məlumat veriblər.

ŞƏT-ə üzv dövlətlərin başçılarının Şurasının iclasını Qırğızıstan Prezidenti Sadır Japarov açıb. O, sammit zamanı təşkilat çərçivəsində gələcək əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin, mədəni-humanitar əlaqələrin və texnoloji əməkdaşlığın inkişaf etdirilməsini diqqətə çatdırıb.

“Təşkilatımız bundan sonra da blok təfəkküründən və qarşıdurmadan azad qalmalı, həmçinin etimadın möhkəmləndirilməsi, sülh və sabitliyin təmin edilməsi üçün platforma rolunu oynamalıdır”, – deyə Japarov vurğulayıb.

Qırğızıstan Prezidenti həmçinin ŞƏT-in vahid texnoloji məkanının formalaşdırılmasının vacibliyini qeyd edib.

“Rəqəmsal bərabərsizlik yeni bölücü xəttə çevrilməsin deyə dövlətlərin müasir texnologiyalara bərabərhüquqlu çıxışını təmin etmək vacibdir”, – deyə o bildirib.

İclasın yekununda dövlət başçıları ŞƏT-in fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən 28 sənəd imzalayıblar.

Xüsusilə, ŞƏT-ə üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərə qarşı mübarizə üzrə Beynəlmilləl Mərkəz haqqında Əsasnamə təsdiqlənib. Sənəd mərkəzin və onun struktur bölmələrinin, o cümlədən Bişkekdə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin fəaliyyətə başlaması üçün hüquqi və təşkilati baza yaradır.
Bundan əlavə, narkotik vasitələr və sintetik narkotiklərlə mübarizə, beynəlxalq informasiya təhlükəsizliyi, limanların və logistika mərkəzlərinin inkişafı, süni intellekt, energetika, iqlim dəyişiklikləri, biomüxtəlifliyin qorunması və fövqəladə hallarda qarşılıqlı fəaliyyət məsələləri üzrə sənədlər imzalanıb.

Sənədlərdən biri ŞƏT çərçivəsində məlumatların emalı, hesablama güclərinin inkişafı və süni intellekt sənayesinin inkişafı üzrə regional mərkəzlərin yaradılması Konsepsiyası olub. Həmçinin 2026–2030-cu illər üçün “Yaşıl Texnoloji Dəhliz"in formalaşdırılması üzrə əməkdaşlıq proqramı təsdiqlənib.

Nəqliyyat sahəsində ŞƏT-ə üzv dövlətlərin limanlarının və logistika mərkəzlərinin 2026–2030-cu illərdə inkişaf etdirilməsi üzrə fəaliyyət planı qəbul edilib.

İclas zamanı Japarov ŞƏT İnkişaf Bankının yaradılması məsələsinin praktiki həllinin və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini də qeyd edib. O, bu sahədə əsas layihələrdən biri kimi Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun tikintisini xüsusi vurğulayıb.

Qırğızıstan tərəfi Bişkekdə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin fəaliyyətə başlamasını təmin etməyə hazır olduğunu bildirib. Qırğızıstan tərəfinin sözlərinə görə, mərkəzin yerləşdirilməsi üçün bina və zəruri infrastruktur artıq hazırlanıb.

İclas başa çatdıqdan sonra Qırğızıstan tərəfi ŞƏT-də sədrliyi Pakistan İslam Respublikasına təhvil verib.

Dövlət başçıları həmçinin Prezident Sadır Japarovu və Qırğızıstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, sammitin təşkilinə görə Qırğızıstan tərəfə təşəkkürlərini bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti