Bakı. Trend:
Azərbaycanda startapların maliyyələşdirilməsi üçün vençur fondlarının fəaliyyətini tənzimləyən yeni mexanizmlər yaradılıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Korporativ hüquq şöbəsinin müdiri Türkan Hacıyeva “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yüksək potensiala malik olmaqla yanaşı, yüksək risk daşıyan startaplar üçün ənənəvi bank və maliyyələşmə mexanizmləri hər zaman əlçatan deyil.
“Ənənəvi bank və maliyyə əlçatanlığı mexanizmləri startaplar üçün tam işlək deyil. Çünki banklar və sığorta təşkilatları maliyyələşmə zamanı adətən girov və ya digər təminat tələb edirlər. Startaplar isə heç də həmişə belə təminatı təqdim edə biləcək maliyyə imkanlarına malik olmurlar”, - deyə T.Hacıyeva bildirib.
O qeyd edib ki, dövlət dəstəyi mexanizmləri mövcud olsa da, qrantların həcminin məhdud olması iri innovativ layihələrin maliyyələşdirilməsində müəyyən çətinliklər yaradır.
“Qrant şəklində ayrılan vəsaitlər bir sıra digər ölkələrlə
müqayisədə daha kiçik həcmdədir. Bu isə süni intellekt və yüksək
texnologiyaların tətbiq olunduğu iri innovativ ideyalar üçün
kifayət qədər maliyyə əlçatanlığı yaratmağa imkan vermir”, - deyə
şöbə müdiri vurğulayıb.
T.Hacıyevanın sözlərinə görə, startapların inkişaf mərhələlərində
maliyyələşmə ehtiyacı da dəyişir.
“İlkin ideya mərhələsində startaplar adətən ailə və yaxınlarından alınan ilkin dəstək hesabına fəaliyyətə başlayırlar. Daha sonra müəyyən dövlət dəstəyi mexanizmlərindən istifadə edə bilirlər. Lakin yerli startapların əksəriyyəti ilkin qrant mərhələsini müəyyən formada keçə bilir. Əsas problem minimum işlək məhsulun (MVP) hazırlanmasından sonra onun sınaqdan keçirilməsi mərhələsində yaranır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu mərhələdə ən effektiv maliyyələşmə
mexanizmlərindən biri vençur maliyyələşməsidir.
“İdeyası olan, prototip hazırlamaq mərhələsində olan və ya ilkin
prototipini artıq hazırlamış startaplar üçün ən ideal maliyyələşmə
mexanizmlərindən biri kənar investorlardan vəsait cəlb etməkdir.
Bu, dövlət dəstəyi mexanizmindən fərqli olaraq, vençur
maliyyələşməsi vasitəsilə həyata keçirilir”, - deyə T.Hacıyeva
bildirib.
O vurğulayıb ki, innovasiya layihələrində texnoloji uğursuzluq da mümkün nəticə kimi qəbul edilməlidir.
“İnnovasiya fəaliyyəti elə bir sahədir ki, ideyanın hər zaman uğurlu nəticələnəcəyinə zəmanət yoxdur. Texnoloji uğursuzluq da innovasiya prosesinin mümkün nəticələrindən biridir”, - deyə şöbə müdiri qeyd edib.
T.Hacıyeva bildirib ki, bu yanaşma əsasında Azərbaycanda vençur maliyyələşməsi və kraudfandinq fəaliyyətinin hüquqi əsasları formalaşdırılıb.
Onun sözlərinə görə, vençur kapitalının fəaliyyəti ilə bağlı
“İnvestisiya fondları haqqında” qanuna müvafiq dəyişikliklər
edilib.
“Ənənəvi investisiya fondları ilə yanaşı, daha çevik şəkildə
investisiya cəlb edə və investisiya həyata keçirə bilən,
akkreditasiyadan keçmiş xüsusi kateqoriya investorların
vəsaitlərini cəlb edən mexanizmlər yaradılıb”, - deyə T.Hacıyeva
bildirib.
O qeyd edib ki, yeni mexanizmlər hazırlanarkən investorların
maraqlarının qorunması da nəzərə alınıb.
“Burada investorların maraqlarının qorunması aspektindən yanaşırıq.
Hər bir investor vençur maliyyələşməsi aləti vasitəsilə vəsait
yerləşdirə və ya həmin vəsaiti idarə edə bilməz. Çünki bu sahədə
kifayət qədər maliyyə və sistem riskləri mövcuddur”, - deyə o
vurğulayıb.
Şöbə müdiri bildirib ki, yeni yanaşma çərçivəsində vençur
fondlarının yalnız təşkilati və hüquqi fəaliyyət prinsipləri deyil,
həm də onların investorları və investisiya alətləri ilə bağlı
məsələlər tənzimlənib.
“Vençur fondlarının investorları kimlər olmalıdır, fondların
investisiya alətləri necə müəyyənləşdirilməlidir və həmin alətlərin
çevikliyi necə təmin olunmalıdır kimi suallar üzrə üç əsas
istiqamətdə təkmilləşdirmə aparılıb”, - deyə T.Hacıyeva qeyd
edib.
Onun sözlərinə görə, vençur fondlarının fəaliyyətinə dair
konkret investisiya mandatı da müəyyənləşdirilib.
“Vençur fondları öz kapitalının ən azı 70 faizini peşəkar
investorlardan cəlb etdikləri vəsait hesabına birbaşa innovasiya
ekosisteminə yönəltməlidirlər. Bu vəsait startaplara,
Texnologiyalar Parkının rezidentlərinə, innovativ ideyası olan və
müəyyən edilmiş tələblərə cavab verən şirkətlərə investisiya
edilməlidir”, - deyə şöbə müdiri bildirib.
T.Hacıyeva əlavə edib ki, məqsəd vençur fondlarının innovasiya ekosisteminin inkişafında və davamlı şəkildə formalaşmasında fəal iştirak edən investisiya alətinə çevrilməsidir.
O qeyd edib ki, qiymətli kağızların alqı-satqısı,
rəsmiləşdirilməsi və depozit sistemi vasitəsilə sənədləşmə
proseslərinin müəyyən vaxt tələb etməsi vençur investisiyalarında
çevik mexanizmlərin yaradılmasını zəruri edib.
“Texnoloji sahə çox sürətlə inkişaf edir. Xarici investisiyanın
cəlb edilməsi və ya sürətli investisiya mərhələsinin zəruri olduğu
hallarda çevik mexanizmə ehtiyac yaranır. Buna görə daha sürətli və
çevik fəaliyyət göstərə bilən mexanizmlər formalaşdırdıq”, - deyə
T.Hacıyeva bildirib.
Onun sözlərinə görə, yeni fəaliyyət rejimləri çərçivəsində azad
hesabatlı vençur fəaliyyəti və lisenziyalaşdırılan vençur
fəaliyyəti müəyyən edilib.
T.Hacıyeva bildirib ki, azad hesabatlı vençur fondlarının
yaradılması onların tamamilə nəzarətsiz fəaliyyət göstərməsi demək
deyil.
“Bu fondlara münasibətdə Mərkəzi Bankın lisenziyalaşdırılmış
fondlar üçün tətbiq etdiyi bütün ağır identifikasiya və prudensial
tələblər eyni həcmdə tətbiq olunmayacaq. İdarə olunan aktivlərin
həcmi 50 milyon manatadək olduğu müddətdə həmin fondlara
münasibətdə sadələşdirilmiş bəyanetmə mexanizmi tətbiq edilir”, -
deyə o qeyd edib.
Şöbə müdiri bildirib ki, bu mexanizm fondun yaradılmasından
sonra Mərkəzi Banka fəaliyyət istiqamətinin bəyan edilməsini
nəzərdə tutur.
“Vençur fondu hüquqi-təşkilati formasını müəyyən etdikdən və adında
mütləq “vençur kapitalı fondu” ifadəsini qeyd etdikdən sonra
Mərkəzi Banka öz fəaliyyətini bəyan edir. İdarə olunan aktivlərin
həcmi 50 milyon manatadək olduğu dövrdə digər lisenziyalaşdırılmış
fondlara tətbiq edilən prudensial tələblər bu fondlara tam həcmdə
şamil olunmur”, - deyə T.Hacıyeva bildirib.
O əlavə edib ki, azad hesabatlı vençur fondları ildə ən azı bir dəfə kənar auditor cəlb etməli və auditin nəticələrini müvafiq quruma təqdim etməlidirlər.
