Bakı.Trend:
Cari ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 15,847 milyon barel neft nəql edilib.Müqayisə üçün, 2025-ci ilin iyul ayında bu göstərici 16,948 milyon barel təşkil edib.
Trend-in Türkiyənin BOTAŞ şirkətinin məlumatları əsasında apardığı hesablamalara görə, nəqlin həcmi təxminən 6,5% azalıb.
2026-cı ilin iyun ayı ilə müqayisədə nəqlin həcmi 3,4% azalıb. İlin əvvəlindən etibarən ən aşağı nəql səviyyəsi fevral ayında qeydə alınıb – 14,817 milyon barel, ən yüksək göstərici isə aprel ayında olub – 16,658 milyon barel.
2026-cı ilin yanvar-iyul aylarında BTC kəməri vasitəsilə Türkiyə ərazisindən 112,781 milyon barel neft nəql edilib.
Xatırladaq ki, 2025-ci ildə BTC kəməri vasitəsilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql olunub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, nəqlin həcmi 7,9% azalıb.
Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
İyulun 1-də “Bakı-Tbilisi-Ceyhan” (BTC Co.) şirkəti açıqlayıb ki, Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəmərinin operatoru funksiyaları "BP Exploration (Caspian Sea) Limited" (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" (SMO) MMC-yə keçir.
Operator funksiyalarının ötürülməsi BTC neft kəmərinin hər üç – Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində yerləşən – hissəsini əhatə edir. Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi funksiyaları, həmçinin bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə bağlı həyata keçirdiyi ümumi əməliyyatlar üzrə operator öhdəlikləri də SMO-ya keçib.
Operator funksiyalarının ötürülməsi BTC layihəsi üzrə əsas razılaşmalar paketinin tərkib hissəsi olan və yekun investisiya qərarı çərçivəsində qəbul edilmiş müvafiq sazişlər əsasında həyata keçirilib. Bu dəyişiklik üç ölkədə BTC-nin bütün ayrı-ayrı obyekt və fəaliyyət növlərinə, Səngəçal terminalının ərazisində yerləşən obyektlər, eləcə də BTC/CQBK üzrə ümumi əməliyyatlar istisna olmaqla, şamil olunur.
Bununla belə, Səngəçal terminalının operatoru dəyişmir – bp bu funksiyaları yerinə yetirməyə davam edəcək. BTC Co. şirkətinin səhmdarlarının strukturu da dəyişməz olaraq qalır.
