Bişkek. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 25 il ərzində formalaşmaqda olan çoxqütblü dünyanın müstəqil və nüfuzlu mərkəzlərindən birinə çevrilib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə ŞƏTsammitində çıxışı zamanı bildirib.
Rusiya dövlət başçısı qeyd edib ki, 25 il ərzində təşkilat iştirakçıların sayını genişləndirərək və əməkdaşlıq mexanizmlərini möhkəmləndirərək əhəmiyyətli inkişaf yolu keçib.
“2001-ci ildə altı dövlətin – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın təşəbbüsü ilə yaradılan təşkilat güclənib və inkişaf edərək formalaşmaqda olan çoxqütblü dünyanın müstəqil və nüfuzlu mərkəzlərindən birinə çevrilib”, – deyə Putin bildirib.
Prezidentin sözlərinə görə, hazırda ŞƏT təkcə Avrasiyada deyil, bütövlükdə dünyada ən böyük regional birlikdir.
“Üzv ölkələrində planet əhalisinin demək olar ki, yarısı yaşayır və qlobal ümumi daxili məhsulun üçdə birindən çoxu burada yaradılır”, – deyə Rusiya lideri qeyd edib.
Putin vurğulayıb ki, ŞƏT məkanında böyük intellektual və texnoloji potensial, eləcə də dünya təbii ehtiyatlarının əhəmiyyətli hissəsi cəmləşib. “Buradan əsas qitələrarası nəqliyyat və logistika marşrutları keçir”, – deyə o bildirib.
Rusiya Prezidenti həmçinin ŞƏT ölkələrinin siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətinin vacibliyini qeyd edərək bildirib ki, bu, iştirakçı dövlətlərin dayanıqlı inkişafının təmin edilməsinə, etimad və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə töhfə verir.
Sammitin yekunlarına toxunan Putin bildirib ki, hazırlanmış qərarlar paketi təşkilat çərçivəsində tərəfdaşlığa yeni təkan verəcək.
“Rusiya sammitin əsas sənədi – Bişkek Bəyannaməsində əksini tapmış qlobal və regional gündəmin aktual məsələlərinə dair üzv dövlətlərin razılaşdırılmış yanaşmalarını dəstəkləyir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiya təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini və onun iş mexanizmlərinin səmərəliliyinin artırılmasını dəstəkləyir. Putin ŞƏT-in qarşısında duran aktual vəzifələr sırasında təşkilata üzv dövlətlər arasında kommersiya əlaqələrinin daha da möhkəmləndirilməsini də qeyd edib.
“Bu, hamımıza aşkar dividendlər gətirir, sosial-iqtisadi artımın ardıcıl dinamikasına və əhalinin rifahının yaxşılaşdırılmasına real töhfə verir”, – deyə Rusiya Prezidenti bildirib.
