Startapların dövlət satınalmalarında iştirakını asanlaşdıran yeni mexanizmlər yaradılıb - İRİA

İqtisadiyyat Materials 1 Sentyabr 2026 11:07 (UTC +04:00)
Startapların dövlət satınalmalarında iştirakını asanlaşdıran yeni mexanizmlər yaradılıb - İRİA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Startapların dövlət satınalmalarında iştirakını asanlaşdıran yeni mexanizmlər yaradılıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, startap üçün ən vacib məsələlərdən biri məhsuluna müştəri və tələbatın formalaşdırılmasıdır: "Bu baxımdan dövlətin startapların ilk alıcısı kimi çıxış etməsi onların bazara çıxış imkanlarının genişləndirilməsinə və etibarlı müştəri bazasının formalaşmasına kömək edə bilər. Startapa ilk növbədə müştəri lazımdır, onun məhsuluna tələbat olmalıdır. Startap öz portfelini formalaşdırmalıdır ki, innovasiya məhsulunu bazara çıxara və real alıcı cəlb edə bilsin”, - deyə S.Hümbətzadə bildirib.

O qeyd edib ki, əvvəlki dövrdə dövlət satınalmaları çərçivəsində tender və digər satınalma prosedurlarının mürəkkəbliyi, eləcə də çoxsaylı tələblər startapların bu proseslərdə iştirakını çətinləşdirirdi.

“Dövlətin startap üçün ilk alıcı qismində çıxış etməsi böyük üstünlükdür. Dövlət onlara inanırsa, digər alıcılar da buna baxaraq startapa etibar edə bilərlər. Bu da startap üçün daha etibarlı müştəri bazasının formalaşmasına imkan yaradır”, - deyə o vurğulayıb.

S.Hümbətzadənin sözlərinə görə, bu məqsədlə dövlət satınalmaları ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib.

“Startap və texnologiyalar parkının rezidentlərinin təqdim etdiyi innovasiya məhsullarının qiyməti 100 min manatadək olduğu halda, onlar birbaşa satınalmada iştirak edə bilərlər. Dövlət orqanları və qurumları əlavə satınalma prosedurlarından keçmədən həmin məhsulları əldə edə bilərlər”, - deyə şöbə müdiri bildirib.

O qeyd edib ki, innovasiya məhsullarının satın alınması zamanı qiymət güzəşti mexanizmi də tətbiq olunacaq.

“Əgər innovasiya məhsulunun ehtimal olunan qiyməti 250 min manatadəkdirsə, startap üçün 20 faizlik güzəşt tətbiq edilir. Bu, məhsulun qiymətinin 20 faiz azaldılması demək deyil. Digər təkliflərlə müqayisədə startapın və ya Texnologiyalar Parkının rezidentinin təklifinə 20 faizlik güzəşt tətbiq edilir və bu təklif qiymətləndirilir”, - deyə S.Hümbətzadə izah edib.

Şöbə müdiri bildirib ki, qanunvericiliyə yeni mexanizm kimi “pilot tətbiq müqaviləsi” anlayışı da əlavə olunub.

“Dövlət orqanının və ya qurumunun real ehtiyacı varsa, lakin söhbət elə innovasiya məhsulundan gedirsə ki, onun təyinatını və spesifikasiyasını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil, bu halda pilot tətbiq müqaviləsi bağlana bilər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, belə müqavilə çərçivəsində dövlət qurumu ehtiyacını startapa və ya Texnologiyalar Parkının rezidentinə bildirir və məhsulun hazırlanması prosesini konkret göstəricilər və mərhələlər üzrə müəyyənləşdirir.

“Hazırlanma prosesi KPI-lara, yəni konkret göstəricilərə və mərhələlərə bölünür. Müəyyən edilmiş müddətlər başa çatdıqca məhsulun müvafiq hissəsi təhvil alınır və hər bir təhvil verilmiş hissəyə görə ödəniş həyata keçirilir”, - deyə S.Hümbətzadə bildirib.

O əlavə edib ki, pilot tətbiq müqaviləsinin məbləği 1 milyon manatdan, müddəti isə 12 aydan artıq ola bilməz.

S.Hümbətzadə texnoloji asılılığın qarşısının alınması ilə bağlı dəyişikliklərə də toxunub.

“Bir çox hallarda dövlət orqanları və qurumları üçün proqram təminatları və digər texnoloji həllər özəl subyektlər tərəfindən hazırlanır. Bu hallarda mənbə kodlarının dövlət orqanına və ya qurumuna təqdim edilməsi ilə bağlı tələb də qanunvericiliyə əlavə olunub”, - deyə o bildirib.

Şöbə müdiri dövlət rəqəmsal layihələrinin maliyyələşdirilməsi mexanizmi barədə də məlumat verib.

Onun sözlərinə görə, yeni mexanizm əsasən dövlət orqanları və qurumlarına aid layihələrin maliyyələşdirilməsini əhatə edir və məqsəd eyni və ya oxşar rəqəmsal həllərin müxtəlif qurumlar tərəfindən təkrar hazırlanmasının qarşısını almaqdır.

“Əgər dövlət orqanlarında istifadə oluna biləcək və digər dövlət qurumlarının fəaliyyətinə və xidmətlərinə də töhfə verə biləcək məhsul varsa, onun yenidən yaradılmasının qarşısını almaq istəyirik. Bununla dövlət büdcəsindən izafi vəsaitlərin xərclənməsinin qarşısı alınacaq”, - deyə S.Hümbətzadə qeyd edib.

O bildirib ki, əvvəllər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dövlət informasiya ehtiyatları və sistemlərinin yaradılması ilə bağlı müəyyən mexanizm mövcud olub.

“Dövlət informasiya ehtiyatları və sistemləri formalaşdırılmazdan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məqsədəuyğunluqla bağlı müsbət rəy alınmalı idi. Bundan sonra həmin sistem və ehtiyatların yaradılması həyata keçirilə bilərdi”, - deyə şöbə müdiri bildirib.

S.Hümbətzadənin sözlərinə görə, yeni mexanizmdə bu yanaşmanın əhatə dairəsi genişləndirilib.

“Rəqəmsallaşma layihələri dedikdə artıq yalnız informasiya sistemləri və ehtiyatları deyil, xidmətlər, həmçinin gündəlik istifadə üçün və ya sistem və ehtiyatların yaradılması və fəaliyyəti üçün zəruri olan texnoloji avadanlıqlar da nəzərdə tutulur”, - deyə o vurğulayıb.

O qeyd edib ki, dövlət orqanları və qurumları hər il aprelin sonunadək rəqəmsallaşma ilə bağlı ehtiyaclarını əks etdirən siyahını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etməlidirlər.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində həmin siyahıya baxılır, layihələrin sistemə, qurumun göstərdiyi xidmətlərə, ümumi hökumət arxitekturasına və rəqəmsal inkişaf vizyonuna uyğunluğu qiymətləndirilir. Müsbət rəy verildikdə həmin rəy əlavə olunmaqla layihə Maliyyə Nazirliyinə təqdim edilir”, - deyə S.Hümbətzadə bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi layihəni məqsədəuyğun hesab etdiyi halda müvafiq vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması təmin edilir.

“Rəqəmsallaşma ilə bağlı layihələrin müvafiq rəylər olmadan həyata keçirilməsinə icazə verilmir. Bu artıq qanunun tələbidir”, - deyə S.Hümbətzadə əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti