Bakı. Trend:
Argentina millisinin hücumçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Messi sosial şəbəkə səhifəsində vida məktubunun fotosunu paylaşıb.
“Finaldan sonra baş verənlərdən və uzun müddət düşündükdən sonra hər kəsə bildirmək istəyirəm ki, milli komandadakı karyeramı başa vururam... Bu, ağrılı bir qərad idi və hələ də ağrılıdır, lakin anlayıram ki, indi bunun üçün ən uyğun zamandır. And içirəm ki, mən həmişə bütün gücümü vermişəm. Təkcə hər şeyi qazandığımız son illərdə deyil, daha əvvəl də belə olub. Mən həmişə bu forma uğrunda, sizə sevinc bəxş etmək və futbol vasitəsilə argentinalı olmağınızla fəxr etməyiniz üçün mübarizə aparmış və bütün gücümü ortaya qoymuşam.
Vaxt az qalıb, fəsillər bağlanır və bu fəsil mənə dərin ağrı verir. Mən milli komandada olmağı sevmişəm, sevirəm və həmişə də sevəcəyəm. Bütün gücümü vermişəm; artıq verəcək heç nəyim qalmayıb. Bundan əlavə, arxamca milli komandada olmağa layiq olan çox istedadlı gənc futbolçular gəlir. Bu 20 il ərzində göstərdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm.
İndi mən sizlərdən biri olacağam, həmişə sizə kənardan azarkeşlik edəcək və dəstək olacağam (həm yaxşı, həm də xüsusilə pis günlərdə). Həmişə yanımda olduqları və bu gözəl, lakin çətin səyahətdə məni müşayiət etdikləri üçün ailəmə təşəkkür edirəm. Bu yolu birlikdə bölüşmək şansı qazandığım bütün məşqçilərə, komanda yoldaşlarıma və menecerlərə təşəkkür edirəm. Özümlə unudulmaz xatirələr və anlar aparıram. Sizə və komanda yoldaşlarıma nağıla bənzər anlar yaşatdığımdan əminlik və qürur hissi ilə gedirəm. Bütün bunları sizin hamınızla birlikdə yaşamaq inanılmaz idi.
Sizi sevirəm! Tanrı, məni argentinalı yaratdığın üçün şükür edirəm. İrəli, Argentina!
Bu sözləri finaldan iki gün sonra, iyulun 21-də yazmışdım. Atamla bağlı baş verənlərdən sonra buna daha da əmin oldum”, — Messi sosial şəbəkədəki səhifəsində yazıb.
Messi 2005-ci ildən Argentina millisinin əsas komandasında çıxış edib. Ümumilikdə futbolçu yoldaşlıq görüşləri də daxil olmaqla bütün turnirlərdə "Albiseleste"nin heyətində 207 matç keçirib. Bu oyunlarda 125 qol vurub və 68 məhsuldar ötürmə edib. Argentina millisinin heyətində Messi 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə Finalissima turnirinin qalibi və 2008-ci ildə Olimpiya çempionu olub. Bundan əlavə, argentinalının milli komandada keçirdiyi oyunlarda 9 sarı və 2 qırmızı vərəqəsi var.
Messinin milli karyerasında 2014-cü il Dünya Çempionatının, 2026-cı il Dünya Çempionatının, həmçinin 2016-cı il Amerika Kubokunun finallarında məğlubiyyətlər də var.

